...

BMT və YUNESKO Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə birgə müraciət yayıblar

Cəmiyyət Materials 2 May 2011 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

BMT-nin baş katibi Pan Gi Mun, BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pillay və YUNESKO-nun baş direktoru İrina Bokova Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə bazar ertəsi birgə müraciət yayıblar. Trend-in məlumatına görə, bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən bildirilib.

Müraciətdə qeyd olunur ki, jurnalistləri müdafiə etmək lazımdır.

"Son onillik ərzində 500-dən çox jurnalist peşə öhdəliklərini yerinə yetirərkən həyatını itirib. Təkcə 2010-cu ildə dünyada 60 jurnalistin öldürüldüyü barədə məlumat verilib. Hər həftə hədə-qorxu və zorakılıqdan əziyyət çəkən jurnalist və bloqerlər haqqında yeni xəbərlər gəlir", - müraciətdə deyilir.

Müraciətin mətnində qeyd olunur ki, hazırkı dövr böyük ziddiyyətlərlə xarakterizə olunur. "Biz yeni texnologiyalar və media sayəsində ifadə azadlığı üçün bu vaxta qədər görülməmiş imkanlardan istifadə edirik. Daha çox insan milli sərhədlər daxilində və xaricində məlumatı paylaşa və fikir mübadiləsi apara bilir. Bu, yaradıcılıq, sağlam cəmiyyət yaratmaq və hər kəsi dialoqun yeni formalarına cəlb etmək üçün böyük şansdır", - birgə müraciətdə bildirilir.

Ümumdünya Mətbuat Azadlığı Günü 20 il bundan əvvəl bir qrup jurnalistin Namibiyanın Vindhuk şəhərində toplaşması ilə yaranıb. Vindhuk Bəyannaməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsində əks olunduğu kimi, ifadə azadlığının fundamental prinsiplərinin müdafiə edilməsi üçün çağırış idi.

"Vindhukdan iyirmi il sonra gündəlik həyatda baş verənlər göstərir ki, ifadə azadlığının təbliğ edilməsi əvvəlki əhəmiyyətini qoruyub saxlamaqdadır. 2011-ci il Ümumdünya Mətbuat Azadlığı Günündə biz bütün hökumətləri çap materialları, radio və televiziya yayımları və internet mühitində ifadə azadlığının təmin və təbliğ edilməsi məqsədilə öz səylərini Birləşmiş Millətlər Təşkilatı ilə birləşdirməyə çağırırıq", - müraciətdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti