...

Azərbaycan Daxili İşlər Nazirliyində 9 May Qələbə Gününə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 9 May 2011 17:19 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyində 9 May Qələbə Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Daxili İşlər Nazirliyində 9 May Qələbə Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 9 may /Trend/

Bu gün Azərbaycan Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin 66-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Mərasimi giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində qələbənin növbəti ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirib, tarixi qələbənin qazanılmasında həmvətənlərimizin böyük fədakarlığından və qəhrəmanlığından danışıb.

Yaxın keçmişə nəzər salan nazir məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra faşizm üzərində qələbənin təntənəli şəkildə qeyd edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza diqqət və qayğının artırıldığını, 9 may Qələbə bayramının müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil edildiyini vurğulayıb.

Usubov ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin də Böyük Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqət və qayğını nəzərə çatdırıb. Nazir DİN rəhbərliyinin bu kateqoriyadan olanların ehtiyacları ilə daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin davamlı olacağını bildirib.

Tədbirdə DİN rəhbərinin təklifi ilə faşizm üzərində tarixi qələbə naminə canlarından keçmiş soydaşlarımızın, həmçinin sonrakı illərdə vəfat etmiş müharibə veteranlarının və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daxili işlər naziri əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini bir daha ürəkdən təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını çatdırıb.

İstefada olan milis polkovnikləri Müseyib İlyasov və İsmayıl Qasımov Böyük Vətən müharibəsinin iştirakçıları olan daxili işlər orqanlarının veteranları adından çıxış edərək, bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti