Azərbaycan, Bakı, 10 may /Trend/
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən "Dünya məktəbi" 2011/2012-ci tədris ili üçün şagird qəbulu elan edir. Azərbaycanda beynəlxalq status almış və Beynəlxalq Bakalavr Təşkilatı - (International Baccalaurate Organization) IBO-nun üzvü olan ilk məktəbə - "Dünya məktəbi"nə qəbul bilik, bacarıq və qabiliyyət nümayişinə əsaslanan imtahan və müsahibə yolu ilə həyata keçirilir. Məktəbə qəbulda uğur qazanmayan şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.
"Dünya məktəbi" bir sıra keyfiyyətlərinə görə başqa ümumtəhsil məktəblərindən əsaslı şəkildə fərqlənir. Belə ki, "Dünya məktəbi"ndə şagirdlər üçün "Mümkün qədər çox öyrətmək" əvəzinə "Fikirləşməyi öyrətmək" prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu istiqamətdə qurulur.
Məktəbin tədris planı hazırlanarkən Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün Tədris Planı əsas götürülür, lakin məktəbin spesifik tədris prosesi də nəzərə alınır. Bundan əlavə, şagirdlərlə yanaşı, müəllimlər də məktəbdə tədris aparmaq üçün müsabiqə yolu ilə seçilir.
Təlim və tərbiyənin müxtəlif pillələrinə uyğun olaraq "Dünya məktəbi" dörd şöbəyə bölünür:
- məktəbəqədər (3-5 yaş);
- ibtidai (1-5-ci siniflər);
- əsas və ya natamam orta (6-9-cu siniflər);
- tam orta (10-11-ci siniflər).
"Dünya məktəbi" tam orta təhsilin son 2 ilində (X, XI siniflərdə) şagirdlərin ixtisasyönümlü təhsilini həyata keçirir. İxtisas seçimlərini etmiş şagirdlərə ixtisas fənləri üzrə hazırlıq dərsləri təşkil edilir.
Xarici ölkələrin təhsil sisteminə inteqrasiyanın vacibliyini nəzərə alaraq, məktəbdə ən çox tədris edilən fənlərdən biri də ingilis dilidir. Məktəbdə ingilis dili departamenti yaradılıb. İngilis dili dərsləri dünya standartlarına uyğun təşkil olunur. 2010/2011-ci tədris ilindən "Dünya məktəbi"ndə ingilis dilində IB Diplom Proqramı fəaliyyət göstərir. Məktəbi bitirənlər beynəlxalq IB diplomu, eyni zamanda, Azərbaycanın tam orta təhsil attestatını alır.
Şagirdlərin ingilis dilində şifahi nitqinin inkişaf etdirilməsinə xüsusi fikir verilir.
"Dünya məktəbi"ndə ingilis, rus dillərindən başqa, şagirdlərin seçimi ilə italyan və ərəb dilləri də tədris olunur.
Məktəbdə monitorinq və qiymətləndirmə şöbəsi fəaliyyət göstərir. Bu şöbəni yaratmaqda əsas məqsəd il boyu müntəzəm olaraq fənlər üzrə şagirdlərin bilik səviyyəsinin yoxlanılmasını təşkil etmək və onun qiymətləndirilməsində obyektivliyi təmin etməkdir. Bu cür mərkəzləşdirilmiş qiymətləndirmə sistemi güclü və zəif hazırlıqlı şagirdlərin aşkarlanması və onlara fərdi yanaşmanın təmin edilməsinə imkan verir. Məktəbdə biliklərin yoxlanılması gündəlik deyil, həftəlik aparılır. Şagirdlərə yüksək mədəniyyət vərdişləri aşılamaq məqsədi ilə məktəbdə əxlaq dərsi tədris olunur, məqsədli ədəbi-bədii gecələr, xeyriyyə tədbirləri də keçirilir.