Azərbaycan, Bakı, 10 may /Trend, müxbir T.Hacıyev/
Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş boks üzrə (IBO versiyası) Dünya birinciliyi keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Turnir Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti tərəfindən Azərbaycanın Həvəskar Boks Federasiyası, Ukrayna-Azərbaycan Konqresi ilə əməkdaşlıqda təşkil olunub. Turnirdə Ukrayna, Çexiya, Gürcüstan, Almaniya, Türkiyə, Kuba və Azərbaycan boksçuları iştirak ediblər. Azərbaycan turnirdə iki boksçu ilə təmsil olunub.
Həmyerlimiz IBF/Avropa, IBO/inter/continental, PABA/interim çempionu Azad Əzizov ukraynalı boksçu Valentin Kutsla qarşılaşaraq dünya kəmərini ikinci dəfə qoruyub və çempion adını saxlaya bilib.
Azərbaycanı təmsil edən ikinci boksçu Ağəli Alışov çexiyalı boksçu Joşev Holub ilə qarşılaşaraq Vətənə ikinci Dünya kəmərini gətirib.
Turnirdə idmançılarımızı Azərbaycan diasporu dəstəkləyib.