...

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Pakistanda tədbir keçirilib

Cəmiyyət Materials 10 May 2011 18:12 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Pakistandakı səfirliyində çərşənbə axşamı tədbir keçirilib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Pakistanda tədbir keçirilib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Pakistandakı səfirliyində çərşənbə axşamı tədbir keçirilib. Trend-in məlumatına görə, bu barədə səfirlikdən bildirilib.

Tədbirdə Pakistanın tanınmış professorları, jurnalistlər, Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri İnayətullah Kakar, xarici ölkələrin Pakistandakı səfirləri, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin üzvləri, Pakistanda yaşayan azərbaycanlılar və Azərbaycanın Pakistandakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyət olduğunu qeyd edib, onun bütün ömrünü Vətəni və xalqına həsr etdiyini vurğulayıb. Səfir ümummilli liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, öz əməli ilə bizlərə gözəl nümunə olan Heydər Əliyevin vətənimizin xoşbəxt gələcəyi və rifahı yolundakı xidmətlərinin kitablara sığmayacaq qədər zəngin olduğunu iştirakçıların nəzərinə çatdırıb. "Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dövlətinin qurumları formalaşıb, mütəşəkkil və müasir ordu qurulub, ölkəmizin milli maraqlarına uyğun xarici siyasət xətti bərqərar edilib və ölkənin sürətli iqtisadi inkişafı təmin olunub. Ölkəmizin qardaş Pakistanla münasibətlərinin yaranması və inkişafı da məhz onun birbaşa səylərinin nəticəsidir", - o bildirib.

Tədbir iştirakçıları da öz nitqlərində ümummilli liderin Azərbaycan xalqının tarixində oynadığı müstəsna roldan söz açıb və onun Azərbaycan-Pakistan əlaqələrinə verdiyi önəmin mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Tədbirin sonunda iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətinə dair kitab və broşürlər paylanıb.

Pakistanda ingilis dilində nəşr olunan "States Times", urdudilli "Daily Azkaar", "Daily Islamabad Times", "Daily Musalman", "Daily Taseer", "Əl-qəmər" və "Daily Madaar" qəzetlərində "Heydər Əliyev azərbaycanlıların ümummilli lideridir" sərlövhəli məqalələr dərc edilib. Məqalələrdə ümummilli liderin keçdiyi mənalı həyat yolundan və zəngin fəaliyyətindən bəhs olunub. Məqalə müəllifləri həm sovet dövründə Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər nəticəsində müstəqil Azərbaycanın təməllərinin atılması, həm də müstəqil Azərbaycan dövlətinin strukturunun formalaşdırılması istiqamətində ümummilli liderin apardığı islahatlar barədə oxuculara geniş məlumat verib. Məqalələrdə qeyd olunub ki, məhz onun səyləri ilə ölkədə siyasi-iqtisadi sabitlik yaradılıb, Azərbaycanın mənafeyinə uyğun balanslaşdırılmış xarici siyasət xətti bərqərar olub və Azərbaycanın iqtisadi tərəqqisinə təkan verən qlobal əhəmiyyətli enerji layihələri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti