...

Xanım jurnalistlərimiz Tbilisidə səfərdədirlər

Cəmiyyət Materials 11 May 2011 15:39 (UTC +04:00)
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan bir qrup qadın jurnalist mayın 9-da Tbilisidə "Varlıq" Mədəniyyət Mərkəzində Heydər Əliyevin yubileyinə həsr olunmuş toplantıda iştirak edib.
Xanım jurnalistlərimiz Tbilisidə səfərdədirlər

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan bir qrup qadın jurnalist mayın 9-da Tbilisidə "Varlıq" Mədəniyyət Mərkəzində Heydər Əliyevin yubileyinə həsr olunmuş toplantıda iştirak edib.

Trend-in məlumatına görə, assosiasiyanın prezidenti Sevil Yusifovanın verdiyi xəbərə əsasən, toplantıda Azərbaycanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Şövqü Mehdizadə çıxış edib. Ümummilli liderin uzaqgörən siyasətinin bu gün də öz bəhrəsini verdiyini deyən Mehdizadə Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə reallaşmış qlobal layihələrin xalqımızın rifahına xidmət etməklə yanaşı, bölgədə təhlükəsizliyin təminatçısına çevrildiyini bildirib.

Mayın 10-da isə xanım jurnalistlərimiz Kvemo-Kartli quberniyasında yaşayan azərbaycanlılarla görüşlər keçirib. Nümayəndə heyəti Qardabani rayonunun Nəzərli və Kosalı kəndlərində fəaliyyət göstərən orta məktəblərdə də olublar. Burada onlar müəllim heyəti ilə görüşüb, onların problemləri və uğurları barədə söhbətlərini dinləyiblər.

"Biz öyrəndik ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi hər iki məktəbdə idman meydançası tikdirib, onların məktəb binalarını təmir etdirib", - Yusifova bildirib.

Səfərin uğurlu keçdiyini deyən Yusifovanın sözlərinə görə, xanım jurnalistlərimiz Qardabani şəhərində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin binasında gənclərlə görüşüblər. Görüşdə Tbilisidə universitetlərə yüksək balla qəbul olmuş gənclərlə fikir mübadiləsi aparılıb. Heyət, həmçinin 12 min azərbaycanlının yaşadığı Sadaxlı kəndində də olub.

"Biz Sadaxlı kənd xəstəxanasına baş çəkdik. Kənd camaatının dediyinə görə, sözügedən xəstəxana çox bərbad halda imiş. Amma Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi kənd xəstəxanasını demək olar ki, yenidən tikib. Yaxın zamanlarda tibbi avadanlıqlar da alınacağı bildirildi. Yolüstü Marneulidə yerləşən Gənclər evinə baş çəkdik. Gənclər evində idman zalı, fitnes klubu, gənclər üçün kompüter kursları fəaliyyət göstərir. Bina Dövlət Neft Şirkəti tərəfindən hərracda alınaraq gənclərə hədiyyə olunub. Bizimlə görüşən gənclər dedilər ki, bu, onların işlərində dönüş yaradıb və gələcək işlərinə böyük stimul verib. Bina alındıqdan sonra gənclər təşkilatları xarici donorlarla gənclərin inkişafına lazım olan layihələri reallaşdıra bilirlər. Gənclərin inkişafında böyük xidmətləri olan şirkətə gənclər öz töhfəsini vermək üçün "SOCAR gənclərin dostudur" adlı tədbirlər planı hazırlayıb və bu kampaniya çərçivəsində SOCAR-ın reallaşdırdığı, dəstək verdiyi layihələr haqqında ətraflı məlumat da veriləcək", - Yusifova deyib.

Xanım jurnalistlər Rustavidə Heydər Əliyev adına parkın tikintisi ilə tanış olublar. Yusifovanın sözlərinə görə, səfər hələ davam edir.

Xəbər lenti

Xəbər lenti