...

Argentinada ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib

Cəmiyyət Materials 11 May 2011 18:16 (UTC +04:00)
Mayın 10-da Argentinanın nüfuzlu UADE Universitetində (Universidad de Empresa) Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib.
Argentinada ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Mayın 10-da Argentinanın nüfuzlu UADE Universitetində (Universidad de Empresa) Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə səfir Məmməd Əhmədzadə çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkədəki ağır problemlərin, xüsusilə də Ermənistanın ölkəmizə qarşı təcavüzü, dərin iqtisadi böhran, daxili siyasi qeyri-sabitliyin mövcud olduğu bir şəraitdə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin ölkəni bu çətin vəziyyətdən çıxartmaq istiqamətində atdığı qətiyyətli addımlar, dövlətçiliyimizin gücləndirilməsi, siyasi sabitliyin təmin olunması, iqtisadi dirçəlişin əsaslarının qoyulması, Azərbaycan maraqlarının beynəlxalq aləmdə təşviqi istiqamətində həyata keçirdiyi strategiya haqqında məlumat verib. Ulu öndərin müəllifi olduğu enerji strategiyası haqqında danışan Əhmədzadə bunun nəticəsində zəngin karbohidrogen ehtiyatlarının istehsalçısı, ixracatçısı və tranzit ölkəsi kimi Azərbaycanın bu gün qlobal enerji təhlükəsizliyinə böyük töhfə verən faktora çevrildiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan səfir son illər ərzində Azərbaycanın sosial-iqtisadi tərəqqi, regionun lider dövlətinə, siyasi, iqtisadi, enerji və nəqliyyat-infrastruktur mərkəzinə çevrilməsi, beynəlxalq aləmdə mövqelərinin güclənməsi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan haqqında film nümayiş etdirilib, habelə iştirakçılara səfirlik tərəfindən nəşr olunmuş ispan dilində çoxsaylı materiallar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti