...

Almaniyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 12 May 2011 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir T.Hacıyev/

Berlində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, "Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə Türkiyə-Azərbaycan ortaq tarixi" adlı tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Atatürkçü Düşüncə Dərnəyinin (ADD) Berlin-Brandenburq təmsilçiliyi və Almaniyadakı Türk-Azərbaycan Birliyi tərəfindən təşkil edilib.

Tədbiri ADD-nin başqanı Olcay Başeymez giriş sözü ilə açaraq qonaqları salamlayıb və Azərbaycan-Türkiyə dostluq münasibətlərinin hər şeydən önəmli olduğunu vurğulayıb. O, çıxışında Azərbaycan-Türkiyə dostluğunun tarixindən söhbət açıb və zaman-zaman hər iki ölkənin bir-birinə qarşılıqlı yardımından və dəstəyindən danışıb.

AAKM-nin icraçı direktoru, xanım Samira Patzer-İsmayılova Heydər Əliyevi onun müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycanın uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı kimi qiymətləndirib. O, Heydər Əliyevin ən böyük töhfələrindən birinin Azərbaycan və türk xalqlarının, Azərbaycan-Türkiyə dövlətləri arasında münasibətlərin sabitləşməsi sahəsində olan fəaliyyəti olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin xarici və daxili siyasətinin uğurlarından və uzaqgörənliyindən, onun Azərbaycan və Türkiyə münasibətlərindəki müsbət rolundan danışıb. Səfir, həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin tarixindən maraqlı və əhəmiyyətli faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Çıxışlardan sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət komitəsinin hazırladığı "Bir millət, iki dövlət" sənədli filmi nümayiş etdirilib.

Tədbirdə daha sonra Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəttin Kaya və Almaniya Bundestaqının keçmiş üzvü, Türk-Azərbaycan Birliyinin sədri, professor, doktor Haqqı Kəskin çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyindən danışıblar.

Tədbir iştirakçıları Berlində fəaliyyət göstərən Türk Evinin foyesində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisinə tamaşa ediblər.

Xəbər lenti

Xəbər lenti