...

Azərbaycanda keçirilən "Vətəni tanı" müsabiqəsinin növbəti seçim turu yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 16 May 2011 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan gəncləri arasında keçirilən "Vətəni tanı" müsabiqəsinin Quba üzrə seçim turu yekunlaşıb. Bu barədə Trend-ə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından məlumat verilib.

Milli Şuranın təşkilatçılığı, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən müsabiqə çərçivəsində Quba rayon Olimpiya Kompleksində baş tutan seçim turunun açılış mərasimində çıxış edən Quba rayon İcra Hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev bildirib ki, bu gün gənclərimizin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılır.

"Bu cür tədbirlərin keçirilməsi gənclərimizdə yeni bilgilərə yiyələnmə və milli dəyərlərimizin aşılanması, tariximiz, dünənimiz və bu günümüzün öyrənilməsində müstəsna rol oynayır", - Vəliyev bildirib.

Çıxış edən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, Prezident İlham Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması göz qabağındadır. Gənclərlə bağlı hazırlanan yeni proqramdan danışan millət vəkili bildirib ki, burada ölkə gənclərinin hər birini narahat edən məsələlər öz əksini tapacaq. Muradov Milli Şura olaraq daim gəncləri dəstəkləyən layihələri həyata keçirdiklərini vurğulayıb. "Ölkə gənclərinin istər Azərbaycanda, istərsə də ölkədən xaricdə fəaliyyəti üçün bütün imkanlardan istifadə olunur", - o qeyd edib.

Millət vəkili Vahid Əhmədov çıxışında bu layihənin təhsilə böyük töhfə verdiyini qeyd edərək bildirib ki, gələcəkdə də bu cür tədbirlər davam etdirilməlidir. O, Quba gənclərini bu maraqlı layihədə fəal iştirak etməyə çağırıb.

Milli Şuranın baş katibi, "Vətəni tanı" kampaniyasının rəhbəri Orxan Ərəbov çıxış edərək, yarış haqqında gəncləri məlumatlandıraraq onlara seçim turunun gedişatı haqqında danışıb. O bildirib ki, burada əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyünün qorunması, gənclərimizin coğrafi biliklərinin artırılmasıdır. "Bu layihədə 12 min gənci əhatə etməyi qarşımıza məqsəd qoymuşuq", - Ərəbov qeyd edib.

"Vətəni tanı" Ümumrespublika kampaniyasının Quba rayonu üzrə seçim turu çərçivəsində Qubada yerləşən və Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış massivi olan Xınalıq kəndinə (2300 m) kampaniyanın işçi qrupu tərəfindən səfər təşkil olunub. Xınalıqda yaşayan gənclər də kampaniyada iştirak ediblər.

"Vətəni tanı" kampaniyasının 14-18 yaşlı gənclər arasında bütün respublika üzrə 74 regional turda keçirilməsi nəzərdə tutulub. Hər bir rayondan 2 nəfər, Bakının 11 rayonu üzrə 2 nəfər Bakı təmsilçisi olaraq seçiləcək.

Xəbər lenti

Xəbər lenti