...

Mayın 23-dən Türkiyə universitetlərinin magistraturasına daxil olmaq üçün sənəd qəbulu başlayır

Cəmiyyət Materials 21 May 2011 11:00 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün Türkiyə universitetlərinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarında Azərbaycan vətəndaşlarının iştirakı üçün sənəd qəbulu başlayır.
Mayın 23-dən Türkiyə universitetlərinin magistraturasına daxil olmaq üçün sənəd qəbulu başlayır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün Türkiyə universitetlərinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarında Azərbaycan vətəndaşlarının iştirakı üçün sənəd qəbulu başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə şənbə günü Trend-ə bildirib ki, Türkiyə universitetlərinin magistraturasına Azərbaycan ali təhsil müəssisələrinin bakalavriatura pilləsini bitirmiş və ya cari ildə bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2011-cu il tarixinə yaşı 27-yə çatmamış, bakalavriatura pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, bu il fevralın 20-də magistraturaya qəbul imtahanının birinci mərhələsində minimal balı toplayan Azərbaycan vətəndaşları qəbul oluna bilərlər.

Bakalavrlar tələb olunan sənədləri mayın 23-dən iyunun 6-dək TQDK-da təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib qeydiyyatdan keçməlidirlər.

Ərizə qəbulu başa çatdıqdan sonra Türkiyənin Azərbaycandakı səfirliyi və TQDK-nın təmsil olunduğu Qəbul (seçmə) Komissiyası tərəfindən keçirilən müsabiqə əsasında magistraturaya bakalavrların qəbulu aparılacaq.

Türkiyə universitetlərinin magistraturasına qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçəcəklər.

Onlar orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə, seçdikləri ixtisaslara uyğun olaraq Türkiyə Yüksək Öyrətim Kurulu tərəfindən universitetlərə yerləşdiriləcəklər.

Azərbaycan vətəndaşları Türkiyə universitetlərinin magistraturasına qəbul olunduqları təqdirdə, 2011-2012-ci tədris ili üçün Azərbaycan ali məktəblərinin magistraturalarına keçirilən qəbul imtahanında iştirak hüququnu itirəcəklər.

Xəbər lenti

Xəbər lenti