Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib.
Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak üçün ərizələr mayın 23-dən iyunun 6-dək qəbul ediləcək.
Müsahibə zamanı bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüş, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətlər yoxlanılacaq.
Müsahibə nazirliyin İnvestisiya və texniki proqramlar şöbəsinin təmir-tikinti və bərpa layihələrinin idarə olunması sektorunun baş məsləhətçi, Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçi, Turizm şöbəsinin xarici turizm sektorunun aparıcı məsləhətçi ştatları üzrə elan edilib.