Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision-2011"-in qalibləri Eldar Qasımov və Nigar Camal (Ell & Nikki) gələn həftə Ukraynaya səfər edəcəklər. Trend-in Eldar və Nigarın internet saytına istinadən verdiyi məlumata görə, səfər gələn həftə baş tutacaq.
Səfər çərçivəsində Azərbaycandan olan duet bir neçə dəfə Ukrayna mətbuatında da görünəcəklər. Mayın 31-də onların mətbuat konfransının keçiriləcəyi də gözlənilir.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.
Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.