Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/
Ermənistanda fəaliyyət göstərən "Metsamor" atom elektik stansiyası təhlükəsi ilə bağlı artıq Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı anlaşma əldə edilib. Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
"Metsamor" AES-lə bağlı mütəmadi iş aparılır. Demək olar ki, hər ay müəyyən arayış hazırlanaraq Xarici İşlər Nazirliyinə göndərilir. Çox nadir haldır ki, beynəlxalq təşkilatlarla bu məsələ ilə bağlı az-çox anlaşma əldə edilib. Çünki "Metsamor" AES təkcə Azərbaycan üçün deyil, butun dünya üçün təhlükədir", - Bağırov əlavə edib.
"Metsamor" AES 1970-ci ildə tikilib.
1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Avropa İttifaqı təkidlə "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf bununla razılaşmır. Ermənistan "Metsamor"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.