Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/
Bakı Dövlət Universitetinə ümummilli lider Heydər Əliyevin adı verilə bilər.
"Heydər Əliyev BDU-nun tələbəsi, özü də dünya şöhrətli tələbəsi olub" - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.
Onun sözlərinə görə, BDU-da Azərbaycan Xalq Cümhuriyyətinə dair xatirə abidəsi də ucaldıla bilər.
"Ermənilərin törətdiyi soyqırımdan sonra Azərbaycan Xalq Cümhuriyyətini yaradan hər şəxsə böyük ehtiram hissi bəsləyirik", - o, bildirib.
Rektorun sözlərinə görə, abidə kompleksi cümhuriyyətin qurucusu olan bütün şəxslərin adlarını yaşatmalıdır.
"BDU Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yadigarıdır", - Məhərrəmov qeyd edib.
Bakı Dövlət Universiteti Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasındakı qərarı ilə yaradılıb.