...

Azərbaycan Ədliyyə Nazirliyi İranın İmdad Komitəsinin nümayəndəliyinin qeydiyyatının ləğvi ilə bağlı məsələyə aydınlıq gətirib

Cəmiyyət Materials 7 İyun 2011 12:11 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatının ləğv olunması ilə bağlı məsələyə aydınlıq gətirib.
Azərbaycan Ədliyyə Nazirliyi İranın İmdad Komitəsinin nümayəndəliyinin qeydiyyatının ləğvi ilə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatının ləğv olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidov çərşənbə axşamı Trend-ə bildirib ki, adıçəkilən komitənin Azərbaycandakı nümayəndəliyinin qeydiyyatı ləğv olunmayıb, lakin fəaliyyəti dayandırılıb.

Məcidovun sözlərinə görə, bu ilin martında Nazirlər Kabineti "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nı təsdiq edib.

"Bu qaydalara əsasən filial və nümayəndəliklərin Azərbaycanda dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə müraciət etməlidir. Burada qeydiyyatın ləğvindən söhbət getmir, sadəcə, prosedur qaydaları başa çatanadək fəaliyyəti dayandırılır", - nazirlik sözçüsü deyib.

Məcidov bildirib ki, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərinin qanunvericiliyə uyğun davam etdirilməsi üçün mütləq qaydada Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara müvafiq saziş imzalanmalıdır.

"Bu saziş imzalanandan sonra onlar fəaliyyətlərini davam etdirə bilərlər", - o deyib.

Məcidov qeyd edib ki, bu qayda tək İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinə şamil edilməyib.

Nazirlik sözçüsü bildirib ki, nümayəndəliyin fəaliyyətinin davam etdirilməsi məsələsinə baxılır və müvafiq prosedur məsələlər həll olunur.

Xəbər lenti

Xəbər lenti