Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri dövlət qulluğunda çalışmaq istəyən namizədlərin Azərbaycan dili üzrə biliklərinin səviyyəsindən narazıdır.
Komissiyanın sədri Bəhram Xəlilov çərşənbə günü Trend-ə bildirib ki, dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərlə söhbət zamanı məlum olur ki, onların bir çoxunun Azərbaycan dili üzrə bilikləri aşağı səviyyədədir.
O, bu problemin həlli məqsədilə müsabiqə qaydalarına dəyişikliklər edildiyini deyib.
"Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi Qaydaları"na edilmiş dəyişikliyə uyğun olaraq, test imtahanında təqdim olunan 15 sualdan ibarət "Dünyagörüşü" test blokuna Azərbaycan haqqında ümumi biliklərlə yanaşı, Azərbaycan dili üzrə də test tapşırıqları daxil edilib", - Xəlilov vurğulayıb.
Komissiya sədri bildirib ki, Azərbaycan dili ilə bağlı suallar orta savadı olan şəxs üçün tələb olunan səviyyədə olacaq və bu suallar namizədin ana dili biliklərinin səviyyəsini müəyyən etməyə imkan verəcək.
"Dövlət qulluqçusu Azərbaycan dilini mükəmməl bilməlidir. Dövlət orqanlarında kargüzarlığın da ana dilində aparıldığı nəzərə alınsa, dövlət qulluqçusunun Azərbaycan dilini biməsi vacib şərtlərdəndir", - Komissiya sədri deyib.
Xəlilovun sözlərinə görə, yeniliklərdən biri də dövlət qulluğuna qəbulun internet vasitəsilə aparılmasıdır.
Xəlilov deyib ki, yeni qaydalara görə, dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlər birinci mərhələdə ali təhsilini təsdiq edən sənədi və müvafiq ərizə formasını təqdim edəcəklər.
"Artıq son müsabiqədə bu yenilik tətbiq olunub. 1000-ə yaxın namizəd Komissiyaya elektron formada müraciət edib. Bu, həm namizədlərin vaxtına, həm də maliyyə vəsaitlərinin qənaətinə gətirib çıxarır. Həmçinin regionda olan namizədlər sənəd qəbulu üçün Bakıya gəlmir və
qəbul üçün elektron formada müraciət edirlər", - Komissiya sədri deyib.
Onun sözlərinə görə, bundan öncə 1 ay davam edən sənəd qəbulu zamanı namizədlər 10-a yaxın sənəd toplayıb təqdim edirdilər. Lakin namizədlərin böyük qismi ikinci mərhələyə keçə bilmirdi və sənədlər Komissiyada yığılıb qalırdı.
"Namizəd birinci mərhələni keçəndən sonra digər sənədləri toplayıb Komissiyaya təqdim edəcək. Bu, vətəndaşların da işini asanlaşdıracaq", - Xəlilov vurğulayıb.