...

Ramiz Rzayev: Azərbaycan inzibati yurisdiksiya sahəsində keçirilən məhkəmə islahatlarına çox böyük diqqət yetirir

Cəmiyyət Materials 8 İyun 2011 14:37 (UTC +04:00)
Azərbaycan dövləti inzibati yurisdiksiya sahəsində keçirilən məhkəmə islahatlarına çox böyük diqqət yetirir.
Ramiz Rzayev: Azərbaycan inzibati yurisdiksiya sahəsində keçirilən məhkəmə islahatlarına çox böyük diqqət yetirir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan dövləti inzibati yurisdiksiya sahəsində keçirilən məhkəmə islahatlarına çox böyük diqqət yetirir. Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev çərşənbə günü inzibati hüquqa dair beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Vətəndaş və dövlət - Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?" adlı konfrans Azərbaycan Ali Məhkəməsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

"Bu diqqət həm yeni məhkəmə binalarının tikintisi, həm onların maddi-texniki təminatı, həm də hakimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müşahidə edilir", - Rzayev vurğulayıb.

Ali Məhkəmənin sədri çıxışında qeyd edib ki, məhkəmə müdafiəsinin ictimai münasibətlər sahəsində effektli olması inzibati icraatla bağlı problemin həllindən asılıdır.

"İnzibati məhkəmələr sisteminin yaradılması hazırkı dövrdə məhkəmə islahatlarının aktual problemlərindən biridir. Onun həll edilməsi məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə və onun daha operativ və effektli olmasına, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi mexanizminin təkmilləşdirilməsinə imkan yaradacaq", - Rzayev deyib.

O bildirib ki, inzibati məhkəmələrin formalaşması Azərbaycan məhkəmə sisteminin məntiqi təkmilləşdirilməsidir.

Rzayevin sözlərinə görə, insanın qanuni hüquq və maraqlarının müdafiəsi bütün məhkəmə sistemini, həmçinin inzibati məhkəmələrin əsas fəaliyyəti olmalıdır.

"Məlum olduğu kimi "İnzibati icraat haqqında" qanun və İnzibati-Prosessual Məcəllə inzibati orqanların qanunsuz aktlarının məhkəmə qaydasında mübahisələndirilməsinə və vətəndaşların subyektiv və qanuni maraqlarını müdafiə etməyə imakan verən hüquqi vasitə, prinsip və mexanizmlər sistemini nəzərdə tutur", - Ali Məhkəmənin sədri deyib.

Azərbaycanda inzibati məhkəmələr bu ilin yanvarından fəaliyyətə başlayıb.

Regional iqtisad məhkəmələrinin bazasında yaradılan bu məhkəmələr inzibati-iqtisadi məhkəmələr adlandırılır.

Xəbər lenti

Xəbər lenti