Azərbaycan, Bakı, 14 iyun /Trend/
İyunun 17-də İranın Gilan əyalətinin Ənzəli şəhərində Xəzəryanı ölkələrin narkotiklərlə mübarizə idarələri rəhbərlərinin iclası keçiriləcək. Bunu İran Polisinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi general Həmidrza Hüseynabadi deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Hüseynabadinin sözlərinə görə, iclasda Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın narkotiklərlə mübarizə idarələrinin rəisləri iştirak edəcək.
Hüseynabadi Xəzəryanı ölkələrin narkotiklərlə mübarizə idarələri rəhbərlərinin birinci iclasının 2009-cu ildə Rusiyanın Həştərxan şəhərində keçirildiyini və ikinci iclasa İranın ev sahibliyi edəcəyini deyib.
"İclasda narkotiklərlə mübarizədə qonşu ölkələrin birgə əməkdaşlıqları yolları, narko-biznes və narkotik qaçaqmalçıları haqqında məlumat mübadiləsi, regionda narkotik-qaçaq yollarının tapılması və bu sahədə beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq", - o deyib.