...

Azərbaycan paralimpiyaçıları Kontinental Kubok uğrunda yarışda iştirak edəcəklər

Cəmiyyət Materials 17 İyun 2011 17:24 (UTC +04:00)
Azərbaycan paralimpiyaçıları Kontinental Kubok uğrunda yarışda iştirak edəcəklər.
Azərbaycan paralimpiyaçıları Kontinental Kubok uğrunda yarışda iştirak edəcəklər

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Milli Paralimpiya Komitəsi nəzdində fəaliyyət göstərən oturaq voleybol üzrə milli komanda bu ilin iyul ayında Böyük Britaniyanın Ketterinq şəhərində keçiriləcək Avropa Oturaq Voleybol Federasiyasının təşkil etdiyi beynəlxalq Kontinental Kubok uğrunda yarışda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Komitənin məlumatında bildirilir.

Yarış öncəsi Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi komanda üçün beynəlxalq təlim məşq toplantısı təşkil etmək məqsədi ilə bu idman növü üzrə sonuncu Pekin Paralimpiya Oyunlarının qalibi İran Paralimpiya Komitəsinə müraciət edib və iyunun 11-dən 27-nə qədər Təbriz şəhərində birgə təlim məşq toplantısının keçirilməsinə razılıq alıb.

Azərbaycanın paralimpiyaçı voleybolçularının yolasalma mərasimində "Azərikimya" İstehsalat Birliyi müşahidə şurasının sədri Muxtar Babayev voleybolçulara bu rəsmi yarışa hazırlıq prosesində uğurlar diləyib və onları tam idman geyimləri ilə təmin edib. Babayev əlil voleybolçuların (Qarabağ müharibəsi əlilləri) qarşısında baş əyib və əmin olduğunu bildirib ki, onların uğurlu nəticələri Azərbaycan idmanının hərtərəfli inkişafına xidmət edəcək, ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıya layiqli cavab olacaq.

Görüşdə komanda üzvləri ilə birgə baş məşqçi Elmira Ağakişiyeva, məşqçi - Sumqayıt Qarabağ Əlilləri Cəmiyyətinin sədri Hacızadə Tərlan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti