...

Azərbaycan turizmdən il ərzində 30 milyard manatadək gəlir əldə edə bilər

Cəmiyyət Materials 21 İyun 2011 15:26 (UTC +04:00)
Azərbaycan turizm sektorunu tam yüksək səviyyədə inkişaf etdirə bilsə, bu sahədən il ərzində 20-30 milyard manat gəlir əldə edə bilər.
Azərbaycan turizmdən il ərzində 30 milyard manatadək gəlir əldə edə bilər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan turizm sektorunu tam yüksək səviyyədə inkişaf etdirə bilsə, bu sahədən il ərzində 20-30 milyard manat gəlir əldə edə bilər. Bunu Trend-ə Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın turizmdən əldə etdiyi gəlirin bu həddə qədər yüksəlməsi 2030-2040-cı illərdə real ola bilər.

Atakişiyev deyib ki, turizm sahəsi Azərbaycana neftdən daha çox gəlir gətirə bilər. Gələcəkdə Azərbaycanda enerji ehtiyatları azalacağı üçün bu sahənin inkişafı daha əhəmiyyətlidir.

İttifaq prezidenti hesab edir ki, Azərbaycan turizmin səviyyəsini yüksəltdikdən sonra onun təbliği ilə də geniş şəkildə məşğul ola bilər. Hazırkı turizm xidmətlərinin reklamı sayəsində ölkəyə gələn turistlər isə turizm xidmətlərindən tam istifadə edə bilmirlər.

"İndi daşı, qalanı reklam etdik, turist də oraya gəldi. Amma hotellər bahadır, lazımı qədər turizm xidmətləri yoxdur. Bu gün Azərbaycanda turizm xidmətinin təşkili baxımından da çox pərakəndəlik var. Turizm bir az Qəbələdə, bir az Qubada, bir az da Nabranda təşkil olunub. Bu, özəl turizm şirkətlərinin modelidir. Buna görə də bununla bağlı dövlət tərəfindən konseptual plan hazırlanmalıdır. Turistlər üçün maraqlı olan məsələlərdən biri onun gəldiyi ölkədən hədiyyə, suvenir aparmasıdır. Bu sahə üzrə də hələ çox işlər görülməlidir", - Atakişiyev əlavə edib.

2010-cu il ərzində mehmanxana xidmətlərinin göstərilməsi üçün 21 hüquqi və fiziki şəxsə lisenziya verilib. Hazırda ölkədə 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il 16 mehmanxana və mehmanxana tipli obyekt dövlət qeydiyyatından keçib, nəticədə belə obyektlərin sayı 77-yə çatıb.

Xəbər lenti

Xəbər lenti