...

Bu gün Azərbaycanda magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi keçirilir

Cəmiyyət Materials 26 İyun 2011 11:14 (UTC +04:00)
Bu gün 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsi keçirilir.
Bu gün Azərbaycanda magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi keçirilir

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsi keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, imtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçirilir.

İmtahanın ikinci mərhələsində fevralın 20-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən 7866 bakalavr iştirak edir. Onlardan 6809 nəfəri Azərbaycan, 1057 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3744 nəfəri oğlan, 4122 nəfəri qızdır. 4936 nəfər ali təhsil müəssisələrinin builki, 2930 nəfər əvvəlki illərin məzunudur.

Bakalavrlar imtahanın ikinci mərhələsində iştirak üçün iyunun 8-dən 16-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq ediblər.

İmtahan nəticələri yaxın günlərdə TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.

Bu il magistraturaya qəbul aparılan ixtisaslaşmalar üçün 5815 plan yeri ayrılıb. Qəbul planı ötən illə müqayisədə 10,9 faiz (2010-cu ildə 5242 yer) artıb. Ötən illə müqayisədə bu il imtahanın II mərhələsində iştirak edən bakalavrların sayında da 20 faiz (ötən il 6608 bakalavr) artım qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti