...

Azərbaycanda 2013-cü ilədək iki yeni Milli Park yaradılacaq

Cəmiyyət Materials 29 İyun 2011 14:44 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilədək Samur-Yalama Milli Parkının, Zaqatala Biosfer Rezervatının və Qızılağac Dənizkənarı Milli Parkının yaradılması nəzərdə tutulur.
Azərbaycanda 2013-cü ilədək iki yeni Milli Park yaradılacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2013-cü ilədək Samur-Yalama Milli Parkının, Zaqatala Biosfer Rezervatının və Qızılağac Dənizkənarı Milli Parkının yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub.

Sənəddə torpaq ehtiyatlarının idarə olunması, səhralaşma proseslərinin qarşısının alınması üçün iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində korlanmış torpaqların reabilitasiyasına dair tədbirlər planının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planında meşə ehtiyatlarının davamlı idarə olunması üzrə ölkədə meşə salınması və bərpası işlərinin genişləndirilməsi və meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbətinin 12,5%-ə çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə yolkənarı ərazinin və atmosfer havasının qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədilə yolqoruyucu yaşıllıqların salınması da Tədbirlər Planında qeyd olunub.

Sənəddə su ehtiyatlarının davamlı idarə olunması istiqamətində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mənbələrinin qeydiyyata alınması, onların sanitar-mühafizə zonalarının müəyyən edilməsi öz əksini tapıb. Həmçinin daşqın və subasma ilə bağlı ekstremal vəziyyətlərin baş verməsi gözlənilən zonaların müəyyən edilməsi və xəritələşdirilməsi, mütəmadi olaraq proqnozların tərtib edilməsi və müvafiq qurumlara çatdırılması nəzərdə tutulur.

2015-ci ilədək ətraf mühitin monitorinqi üzrə Gəncə, Masallı, Quba, Şirvan və Şəki şəhərlərində regional kompleks monitorinq laboratoriyaları yaradılacaq.

Xəbər lenti

Xəbər lenti