Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Y.Ostapenko/
Yeni Avropa Qonşuluq Siyasətinin (AQS) əsas prinsipi olan "böyük maliyyələşdirmə - böyük islahatlar" Qonşuluq ölkələrinin vətəndaş cəmiyyətlərinə təsir etməyəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin üzvü Jerom Ponz bildirib.
"Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyəti ilə işi gücləndirməyi planlaşdırır, - o deyib. - Biz Azərbaycanın bəzi QHT-lərini onlara birgə layihələri həyata keçirməyi tapşırmaqla maliyyələşdirməyi planlaşdırırıq".
Yeni AQS-ə görə, Avropa Qonşuluğu ölkələrinə əlavə olaraq 1,2 milyard avrodan çox vəsait ayrılacaq və onların ümumi maliyyələşdirilməsi 7 milyard avroya çatacaq.
Yeni AQS-in əsas prinsipi "more for more" ("daha çoxa daha çox") - siyasi və iqtisadi islahatların həyata keçirilməsi zamanı qonşuluq ölkələrinə maliyyələşdirmənin artırılmasını nəzərdə tutur. Bu prinsip əks mənada da fəaliyyət göstərir - tərəfdaş ölkənin hökuməti nə qədər az vacib islahatlar həyata keçirərsə, Aİ tərəfindən maliyyələşdirmə də bir o qədər az olacaq.
Ponzun sözlərinə görə, bu prinsip tərəfdaş ölkələrin mülki sektorunun dəstəklənməsinə aid deyil. O, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində vətəndaş cəmiyyəti forumunun uğurlu işini xatırladıb. Bu forum QHT-lərə Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafında öz tövsiyə və təşəbbüslərini təqdim etmək imkanı verir.
Hər il daha çox sayda Azərbaycan QHT-ləri bu forumda iştirak etmək istəklərini bildirirlər. O bildirib ki, əgər digər tərəfdaş ölkələrlə müqayisə etsək, onda bu il ən çox sayda ərizə Azərbaycandan daxil olub.
"Bu yaxşı əlamətdir və biz Azərbaycandakı QHT-lərlə əməkdaşlığı inkişaf etdirməyi və möhkəmləndirməyi davam etdirəcəyik", - Ponz cümə günü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanda Aİ-nin təhsil proqramlarının inkişafı üzrə işləri aktivləşdirməyi də planlaşdırır.
Çərşənbə axşamı Avropa Komissiyası AQS ölkələrində və Rusiyada "Tempus" proqramı çərçivəsində ali təhsil sahəsində layihələrin dəstəklənməsinə 47 min avro ayrılması barədə qərarını elan edib.
Yeni maliyyələşdirmə tədrisin, dərs vəsaitlərinin metodikası və keyfiyyətinin artırılmasını, eləcə də Aİ-nin tərəfdaş ölkələrindəki ali təhsil müəssisələrində keyfiyyət və idarəetməyə nəzarətin artırılmasını nəzərdə tutur.