...

Cari ilin 6 ayında DSMF tərəfindən 98 mindən artıq vətəndaşa fərdi hesab açılıb

Cəmiyyət Materials 11 İyul 2011 12:45 (UTC +04:00)
Cari ilin əvvəli ilə müqayisədə dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 5,44 faiz artıb.
Cari ilin 6 ayında DSMF tərəfindən 98 mindən artıq  vətəndaşa fərdi hesab açılıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Cari ilin əvvəli ilə müqayisədə dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 5,44 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 98 010 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Nəticədə iyulun 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 898 462 nəfərə catıb. Sığortaolunanların 55,8 faizi kişi, 44,2 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığorta olunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığorta olunanların 25 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 22,6 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,1 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini isə 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Hazırda DSMF tərəfindən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq fərdi uçotun tətbiq dairəsinin genişləndirilməsi üçün müvafiq tədbirlər davam etdirilir.

Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyaları fərdi şəxsi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Xəbər lenti

Xəbər lenti