...

Azərbaycanın Quba rayonunda informasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış müzakirə olunub

Cəmiyyət Materials 11 İyul 2011 16:39 (UTC +04:00)
Qubada Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təşəbbüsü ilə "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda treninq-məşğələ keçirilib.
Azərbaycanın Quba rayonunda informasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış müzakirə olunub

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Qubada Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təşəbbüsü ilə "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda treninq-məşğələ keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mətbuat Şurasından bildirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov seminarın açılışında bildirib ki, mövcud layihədə məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaq, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirmək, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdir.

Amaşov layihə çərçivəsində növbəti seminarın iyulun 30-31-də Tərtər rayonunda baş tutacağını bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev tədbirdə bildirib ki, modernləşmə kursu dövlət orqanları və digər qurumlar qarşısında yeni vəzifələr qoyur. "Bu baxımdan informasiya əldə etmək haqqında qanunvericiliyə riayət etmək zəruridir. Mövcud istiqamətdə irəliləyişlər ictimaiyyətlə əlaqə şöbələrinin, mətbuat xidmətlərinin işinin təşkilində, onların veb-səhifələrinin yaradılmasında və təkmilləşdirilməsində özünü göstərir", - o qeyd edib.

Əliyevin sözlərinə görə, əsas məsələ dövlət orqanlarının cəmiyyətin informasiya tələbatını ödəmələridir və Azərbaycan dövləti də bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirir.

Təlimləri hollandiyalı ekspertlər - Devid van der Huoven və Fred Gijbels aparıblar. Onlar "İctimai informasiya rəsmilərinin rolu və mövqeyi", "Media və vətəndaşlarla interaktiv ünsiyyət", "Hökumət informasiyasına açıq çıxış və onun nəticələri", "İnformasiyaya açıq çıxışın bəzi hüquqi aspektləri", "Böhran vəziyyətlərində necə işləməli" mövzularında fikir və təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

Seminar çərçivəsində həmçinin iştirakçılara Azərbaycanın Baş Prokurorluğu və Mətbuat Şurasının birgə hazırladıqları "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabı da paylanılıb.

Xəbər lenti

Xəbər lenti