...

Azərbaycanda qanunsuz fəaliyyət göstərən bir neçə məktəblə bağlı araşdırmalara başlanıb

Cəmiyyət Materials 13 İyul 2011 14:04 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkə daxilində qanunsuz fəaliyyət göstərən bir neçə təhsil müəssisəsi ilə bağlı araşdırmalara başlayıb.
Azərbaycanda qanunsuz fəaliyyət göstərən bir neçə  məktəblə bağlı araşdırmalara başlanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkə daxilində qanunsuz fəaliyyət göstərən bir neçə təhsil müəssisəsi ilə bağlı araşdırmalara başlayıb. Nazirliyin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Trend-ə bildirib ki, araşdırma apardıqları təhsil müəssisəsindən biri "Avropa" adlı orta məktəbdir. O, bu məktəbin fəaliyyəti haqqında televiziyalarda verilən elanlar vasitəsilə məlumat aldıqlarını söyləyib.

"Biz "Avropa" adlanan bu məktəb barədə məlumatı elandan eşitdik. Elanda deyilir ki, bu təhsil müəssisəsi orta məktəb olacaq və yeni tədris ili üçün şagird qəbulunun aparılması nəzərdə tutulur. Amma hələlik bu məktəb lisenziya almaq üçün nazirliyə müraciət etməyib", - Zərbəliyev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, araşdırma apardıqları digər təhsil müəssisəsi Türkiyənin Anadolu Universitetinin filialı ilə bağlıdır. Zərbəliyev deyib ki, daxil olan məlumatlara görə, Anadolu Universitetinin Azərbaycanda qanunsuz filialı yaradılıb və artıq oraya tələbə qəbulu aparılır. Amma belə bir filial Azərbaycan Təhsil Nazirliyində qeydiyyatdan keçməyib. Faktı araşdırmaq məqsədilə nazirlik Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edəcək. Hazırda müraciətin mətni hazırlanır.

"Bundan əlavə, bir necə müəssisənin də sorağını eşitmişik. Amma bunlarla bağlı da araşdırmalar aparırıq. Həmin məktəblərin yeri hələ məlum deyil. Bizə daxil olan məlumata görə, guya Ukraynanın hansısa bir universitetinin filialı burada fəaliyyət göstərir və bu filiala tələbə qəbulu aparırlar. Amma biz hələ onun ünvanını müəyyənləşdirə bilməmişik. Bu barədə bizə vətəndaşlar məlumat verirlər, amma onlar özləri də ünvanlarını bizə deyə bilmirlər. Buna görə də biz özümüz vaxtaşırı şəhəri gəzib araşdırmalar aparmalı oluruq", - nazirlik rəsmisi qeyd edib.

Hazırda Ukraynanın heç bir ali məktəbinin Azərbaycanda qeydiyyatdan keçmədiyini deyən Zərbəliyevin sözlərinə görə, qanunsuz məktəblər barədə elanlar, bəzən isə vətəndaşların müraciətləri əsasında məlumatlar əldə edirlər.

Nazirliyin qanunsuz ali məktəblərə qarşı hansı formada mübarizə apardığına gəldikdə, Zərbəliyev deyib ki, belə hallarda məktəbin ünvanını dəqiqləşdirib dərhal hüquq-mühafizə orqanlarına məlumat verirlər.

Xəbər lenti

Xəbər lenti