Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin "Qaynar xətt"inə bu ilin yanvar-iyun ayları ərzində 74 müraciət daxil olub. Bunu Trend-ə Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
Onun sözlərinə görə, müraciətlər əsasən alıcıların apteklərdən aldıqları dərmanların keyfiyyəti ilə bağlı olub. Alıcılar "Qaynar xətt"ə dərmanların adı və seriyasını deyərək, onun keyfiyyətinin necə olması ilə maraqlanıblar.
"Qaynar xətt"ə müraciətlərin sayı ildən-ilə azalır. İlk illərdə "Qaynar xətt"ə edilən müraciətlərin sayı çox idi. İnsanlar əvvəllər aptekin üzərində yazılan telefon nömrələrini aptekin telefon nömrəsi kimi bilib "Qaynar xətt"ə zəng edirdilər. Bu da sayın çoxalmasına gətirib çıxarırdı", - Əzizbəyov deyib.