...

TQDK sabah IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək

Cəmiyyət Materials 15 İyul 2011 14:33 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.
TQDK sabah IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, həmin gün eyni zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçiriləcək.

İmtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 1290 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 132 imtahan rəhbəri cəlb olunacaq.

2011-ci ildə IV qrup üzrə 14 619 abituriyent ərizə təqdim edib.
IV ixtisas qrupu üzrə sənəd verənlərin 13 525 nəfəri Azərbaycan, 1094 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7307 nəfərini oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir. 8281 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.

5882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent xarici ölkələrin vətəndaşıdır. 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

405 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.
Bakı şəhərində 10804 abituriyent, Naxçıvanda 1048 abituriyent, Gəncədə 1848, Lənkəranda isə 919 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Bu ixtisas qrupuna tibb, kimya, biologiya, aqrar, psixologiya və idman ixtisasları daxildir. Abituriyentlər ana dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan verəcəklər.

IV ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti - sonuncu qəbul imtahanı II qrup üzrə iyulun 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti