...

Bakı məktəblərində müəllimliyə işə düzəlmək istəyən namizədlər üçün müsabiqə vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 18 İyul 2011 11:44 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəblərinə müəllim kimi işə qəbul olmaq istəyən namizədlər üçün gözlənilən müsabiqə vəziyyətini açıqlayıb.
Bakı məktəblərində müəllimliyə işə düzəlmək istəyən namizədlər üçün müsabiqə vəziyyəti açıqlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəblərinə müəllim kimi işə qəbul olmaq istəyən namizədlər üçün gözlənilən müsabiqə vəziyyətini açıqlayıb.

İdarənin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev bazar ertəsi Trend-ə bildirib ki, Azərbaycan dili və ədəbiyyatı üzrə ən yüksək müsabiqə vəziyyətinin Suraxanı, ingilis dili fənni üzrə Suraxanı, Yasamal və Binəqədi, biologiya fənni üzrə Binəqədi, Suraxanı, kimya fənni üzrə Nizamı, coğrafiya fənni üzrə Nizami, Nərimanov, Suraxanı, fizika fənni üzrə Nizami, Nəsimi rayonları üzrə olacağı gözlənilir.

İnformatika fənn müəllimliyi üzrə ən yüksək müsabiqə vəziyyəti Yasamal, Nəsimi, ibtidai sinif müəllimi üzrə Xətai, Yasamal rayonunda gözlənilə bilər.

Nəbiyev bildirib ki, Yasamalda rus bölməsi üzrə 1 ibtidai sinif müəlliminə ehtiyac var. Bununla yanaşı, Xəzər rayonunun bir sıra orta məktəblərində də ibtidai sinif müəllimi üzrə yüksək müsabiqə vəziyyəti gözlənilə bilər. Digər fənlərdən isə elə yüksək müsabiqə vəziyyəti gözlənilmir.

İdarə rəsmisinin sözlərinə görə, məktəblərin yerləşdiyi ərazilərdən asılı olaraq, müsabiqə vəziyyəti də fərqli ola bilər.

Hazırda Bakının orta məktəblərində 376 vakant müəllim yeri var. Onların 321-i Azərbaycan, 55-i rus bölməsi üzrədir.

Vakant yerlər daha çox Bakının Xəzər, Sabunçu və Qaradağ rayonlarındakı orta məktəblərdədir. Rus dili fənni istisna olmaqla, paytaxt məktəblərində demək olar ki, bütün fənlər üzrə müəllimlərə ehtiyac var. Bakıda daha çox fiziki tərbiyə (89 yer), ingilis dili (68 yer), informatika (29 yer), gənclərin çağırışa qədərki hazırlığı (28 yer), riyaziyyat (26 yer), ibtidai sinif müəllimi (23 yer) fənləri üzrə müəllimlərə ehtiyac duyulur.

Müəllimliyə namizədlərin ərizələrinin qəbulu üçün iyulun 1-dən 15-dək aparılıb. Vakant yerlərə 9342 nəfər ərizə təqdim edib. Bütün ixtisaslar üzrə ərizə verənlərin 70 faizdən çoxu Bakı şəhərində olan vakant yerləri seçiblər.

Müəllimlərin işə qəbulu üçün müsabiqənin keçirilməsinə avqustun 1-dən başlayacaq.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək.
Daha sonra namizədlər test imtahanı verəcəklər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.

İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar.

Xəbər lenti

Xəbər lenti