...

Azərbaycanda müəllimlərin işə qəbulu üçün imtahanların keçirilmə tarixləri açıqlanıb

Cəmiyyət Materials 18 İyul 2011 16:01 (UTC +04:00)
Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu üçün imtahanların keçirilmə tarixləri müəyyənləşdirilib.
Azərbaycanda müəllimlərin işə qəbulu üçün imtahanların keçirilmə tarixləri açıqlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu üçün imtahanların keçirilmə tarixləri müəyyənləşdirilib. Bu barədə Trend-ə Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanacaq. İlk olaraq, ibtidai sinif müəllimi işləmək istəyənlər imtahan verəcəklər. Onlar üçün imtahanın keçirilməsi iyulun 30-da yekunlaşacaq. Avqustun 1-dən 5-ə qədər isə ingilis dili müəllimliyinə namizədlər üçün imtahanlar keçiriləcək. İmtahanlar əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olaraq davam edəcək. Ümumilikdə imtahanların keçirilməsi avqustun 30-da yekunlaşacaq.

Şöbədən deyilib ki, imtahanda hər bir namizəd kompüter qarşısında əyləşərək 1 saat ərzində ona verilən sualları cavablandıracaq. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək.

İmtahandan keçmiş namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılacaq.

"Müsabiqənin 3-cü mərhələsi təsdiq mərhələsidir. Bu mərhələdə imtahandan keçənlər öz "Şəxsi iş"lərini gətirirlər, onların diplomları və ərizələrində göstərdikləri nəticələr komissiya üzvləri tərəfindən yoxlanılır. Əgər namizəd ərizəsini tamamilə düzgün doldurulubsa və seçdiyi yerdən imtina etmirsə, ona həmin yerə getmək tapşırığı verilir", - şöbədən bildirilib.

Nazirlikdən qeyd olunub ki, respublika üzrə müəllimlərin işə qəbulu sentyabrın 10-dək tam yekunlaşacaq.

2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü digər rayon və şəhərlərin payına düşür. Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrədir. Respublikanın orta məktəblərindəki 110 vakant yerə 1834 nəfər sənəd verib.

Bundan sonrakı yerlər ingilis dili müəllimliyi üzrədir. Bu fənn müəllimləri üçün təqdim olunan 241 vakant yerə 1610 nəfər sənəd verib. Azərbaycan dili və ədəbiyyatı fənn müəllimləri üçün nəzərdə tutulan 265 vakant yerə 1389 nəfər ərizə təqdim edib.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq.
Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək.

Daha sonra namizədlər test imtahanı verəcəklər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.

İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar.

Xəbər lenti

Xəbər lenti