Azərbaycan, Bakı, 21 iyul /Trend/
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı KİV-lərinin nümayəndələrini mükafatlandırıb.
Trend-in məlumatına görə, informasiya agentliklərinin, qəzetlərin rəhbərləri, həmçinin aparıcı jurnalistlər Mətbuat Günü münasibətilə və Həmkarlar İttifaqlarının işində yaxından iştirakına görə Fəxri fərmanla təltif ediliblər.
"Olaylar" qəzetinin və agentliyinin baş direktoru Yunus Oğuz, Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Həftə-içi" qəzetinin baş redaktoru Sevinc Seyidova, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Kaspi"nin baş redaktoru Natiq Məmmədli, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı və başqa qəzet redaktorlari, həmçinin televiziya əməkdaşları Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən Fəxri fərmanla mükafatlandırılıblar.
Mükafatlandırma mərasimindən sonra Mehbalıyev jurnalistlərə bildirib ki, bu il ərzində Həmkarlar İttifaqları haqqında yazı müsabiqəsi keçiriləcək. Bunun üçün Həmkarlar İttifaqları Konfederasiyasın 15 min manata yaxın pul ayıracaq. Mehbalıyevin sözlərinə görə, ən yaxşı yazılara görə, 3 nəfər 1-ci yerə layiq görüləcək və hər biri 1000 manat məbləğində mükafat alacaq.
Növbəti 8 yerə isə hər biri 500 manat olmaqla pul mükafatı nəzərdə tutulacaq. Sədrin sözlərinə görə, yazı müsabiqəsi bu ilin sonunadək baş tutacaq. Müsabiqə həm Həmkarlar İttifaqlarının fəaliyyətinin təbliği, işıqlandırılması, həm də jurnalistlərə maddi dəstək məqsədi daşıyır.
Mehbalıyev onu da bildirib ki, 2012-ci ildə Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçiriləcək.