Azərbaycan, Bakı, 9 avqust / Trend, müxbir M.Əliyev/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ekoloji tarazlığın qorunması ilə əlaqədar iyulda 120 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat xidmətindən çərşənbə axşamı bildirilib.
Ötən ay daxil olan müraciətlərin təxminən yarısı ağacların aşma təhlükəsinin olması ilə əlaqədar olub. Daxil olmuş 62 müraciətdən 59-na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 2 müraciət isə icradadır.
İyul ayında ağacların kəsilməsi ilə əlaqədar Nazirliyin "Qaynar xətt"i nə 34 müraciət daxil olub ki, onlardan 10 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb, 18 müraciət öz təsdiqini tapmayıb, 6 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar ötən ay daxil olmuş 24 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 17 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.