...

2 aprel aksiyası iştirakçılarının məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib

Cəmiyyət Materials 15 Avqust 2011 18:16 (UTC +04:00)
2 aprel aksiyası iştirakçılarının məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib
2 aprel aksiyası iştirakçılarının məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib

Azərbaycan, Bakı, 15 avqust /Trend/

2 aprel aksiyasının iştirakçılarından olan Elnur İsrəfilov, Arif Alışlı, Zülfüqar Eyvazov və Sahib Kərimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 və 186.1-ci maddələri ilə, Babək Həsənov və Elşən Həsənovun isə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası bazar ertəsi Səbail rayon məhkəməsində sənədlərin elan olunması ilə davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə iclası zamanı ekspertiza rəyləri, tanınma protokolları, videogörüntülərə baxış keçirilmə protokolları və sair sübutlar tədqiq olunub və videogörüntülərə baxış keçirilib.

"İctimai Palata"ya daxil olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal və Klassik Xalq Cəbhəsi partiyalarının üzvləri Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Əli Orucov və Fikrət Cəfərovun imzaladıqları və Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri 18.03.2011-ci il tarixli müraciətlərində "İctimai Palata"ya daxil olan partiya üzvlərinin 02.04.2011-ci il tarixdə saat 14:00-dan saat 16:00-dək Bakı şəhərinin "Nərimanov" kinoteatrı qarşısındakı meydanda mitinq keçirilməsinin planlaşdırdıqlarını bildiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin 31.03.2011-ci il tarixli cavab məktubunda "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsi olduğu, Nəriman Nərimanov adına kinoteatrın qarşısındakı sahənin nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan həmin ərazidə hər hansı toplantının keçirilməsinin mümkünsüzlüyü, həmin ərazidə mitinqdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətlərinin və nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində yaranacaq problemlər nəzərə alınaraq, mitinqin təhlükəsizliyinə təminat verilməməsi göstərilib, 02.04.2011-ci il tarixdə saat 14:00-dan saat 16:00-dək aksiyanın Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsi, Sürücülük məktəbinin meydançasında keçirilməsi təklif olunub.

Şahid Məmməd Məhərrəmova 02.04.2011-ci il tarixli icazəsiz keçirilmiş aksiyanın videogörüntüləri təqdim edilərkən, o, ifadəsində göstərdiyi İsrafilov Elnur Arif oğlunu tanıyıb və göstərib ki, aksiya zamanı Elnur İsrəfilov avtobusun salonunda olan aksiyanın fəal iştirakçılarını azad etmək üçün avtobusun qapılarını təpiklə vurub açmaq istəyib.

Şahid Ceyhun Zeynalov ona nümayiş olunmuş video görüntülərdəki kadrlarda təqsirləndirilən şəxs Elnur İsrəfilovun olduğunu təsdiq edərək onu tanıyıb.

Şahidlər Məmməd Məhərrəmov və Ceyhun Zeynalov keçirilmiş tanınma zamanı İsrəfilov Elnur Arif oğlunu tanıyaraq ifadələrində əlamətlərini göstərdikləri və sonradan nümayiş olunmuş videogörüntülərdə görüb tanıdıqları şəxsin məhz Elnur İsrəfilov olduğunu bildiblər.

Şahid Mais Əliyevin və Məmməd Məhərrəmovun iştirakı ilə Teleradio şirkətlərindən istintaqa daxil olmuş kompakt disklərdəki videogörüntülərə baxış keçirilərkən onlar 40-45 yaşlı, ağ gödəkçədə olan, ağ saçlı şəxsin 316 saylı marşrut üzrə hərəkət edən yaşıl rəngli "Shaolin" markalı 90-DX-546 dövlət qeydiyyat nişanlı avtobusun qapısına təpiklə zərbə endirən şəxs olduğunu göstəriblər.

Arif Alışlı şahid Məmməd Məhərrəmova və Ceyhun Zeynalova təqdim olunub və sonuncular Arif Alışlını tanıyaraq, onun "Shaolin" markalı 90-DX-546 dövlət qeydiyyat nişanlı avtobusun qapılarını təpiklə vuran şəxs olduğunu bildiriblər.

"ANS" teleşirkətindən təqdim edilmiş videodiskə "Shaolin" markalı 90-DX-546 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü zərər çəkmiş şəxs Sərvan Məhərrəmovun iştirakı ilə baxış keçirilərkən Sərvan Məhərrəmov müxtəlif şüarlar səsləndirən şəxslərin bəzilərini tanıdığını bildirib.

02.04.2011-ci ildə, bir qrup şəxs tərəfindən Bakı şəhərində keçirilmiş icazəsiz aksiya zamanı "ANS" teleradio şirkəti tərəfindən çəkilərək bir ədəd kompakt diskdə təqdim edilmiş videoçəkilişlərə təqsirləndirilən şəxs Zülfüqar Eyvazovun iştirakı ilə baxış keçirilib və baxış zamanı Zülfüqar Eyvazov kadrlarda "Shaolin" markalı 90-DX-546 dövlət qeydiyyat nişanlı avtobusun sağ tərəfində başında idman papağı olan şəxsi tanıyıb, özü olduğunu bildirib.

Şahid Azad Ağayevə tanınma üçün təqdim edilən şəxslərin sırasında təqsirləndirilən şəxs Sahib Kərimovu tanıyaraq ifadəsində qeyd etdiyi avtobusun ətrafında olan və avtobusa zərər yetirən şəxslərdən birinin də Sahib Kərimov olduğunu bildirib.

02 aprel 2011-ci il tarixdə, "Fəvvarələr" meydanı, ona yaxın prospekt və küçələrdə keçirilmiş icazəsiz aksiya zamanı "Lider" TV şirkəti tərəfindən lentə alınmış videogörüntülərdə Sahib Kərimovun aksiyada fəal iştirak etməsi, hakimiyyət nümayəndələrinin tələblərinə tabe olmaması, avtobusun ətrafında baş verən hadisələrdə fəal iştirak etməsi, avtobusun şüşələrini əlləri ilə vurması halları müşahidə edilib.

Şahidlər Mais Əliyevin, Emil Qasımovun və zərər çəkmiş şəxs Sərvan Məhərrəmovun ayrı-ayrılıqda iştirakları ilə kütləvi informasiya vasitələrindən daxil olmuş kompakt disklərdəki videogörüntülərə baxış keçirilərkən onlar, Sahib Kərimovun istintaqda verdikləri ifadələrində göstərdikləri şəxslərdən biri olduğunu göstəriblər.

Təqsirləndirilən şəxs Babək Həsənov tanınma üçün şahid Hilal Qurbanova digər şəxslərin sırasında təqdim edilib və sonuncu onu tanıyaraq ifadəsində göstərdiyi şəxs olduğunu bildirib.

Kütləvi informasiya vasitələrinin operatorları tərəfindən lentə alınaraq elektron daşıyıcılara köçürülmüş videogörüntülər şahidlər İbadət Allahverdiyevə, Hilal Qurbanova və Cavad Səmədova ayrı-ayrılıqda nümayiş etdirilərək baxış keçirilərkən sonuncular Babək Həsənovu kadrlarda tanıyaraq ifadələrində əlamətlərini göstərdikləri şəxs olduğunu təsdiq ediblər.

02.04.2011-ci il tarixdə keçirilmiş aksiyanın videogörüntüləri ayrı-ayrılıqda Sərvər Həsənova, Rəfail Hümbətova və Seyfəddin Bağışova təqdim edilib, sonuncular ictimai asayışı kobud surətdə pozduğuna görə saxlanılan, fəallığı ilə fərqlənən şəxsin Elşən Həsənov olduğunu təsdiq ediblər.

Təqsirləndirilən şəxs Elşən Həsənov tanınma üçün şahid Seyfəddin Bağışova təqdim edilib, sonuncu onu tanıyaraq ifadəsində göstərdiyi şəxsin məhz Elşən Həsənov olduğunu bildirib.

Zərər çəkmiş şəxs Məhərrəmov Sərvan Həsən oğlu təqsirləndirilən şəxslər Elnur İsrəfilov, Arif Alışlı, Zülfüqar Eyvazov və Sahib Kərimova qarşı 1.325 manat məbləğində iddia irəli sürüb.

Zərər çəkmiş fiziki və hüquqi şəxslər - "Transqeyt" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Məmmədov Elvin Faliq oğlu 1.650 manat, Məmmədova Şahnisə Nəsrəddin qızının nümayəndəsi Nəbiyev Həbib Aydın oğlu 850 manat, "3 №-li Avtonəqliyat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Qasımov Ayaz Məmmədəmin oğlu 2.255 manat, "EN Trans Çinar" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Qubatov Elxan Qubat oğlu 480 manat məbləğində təqsirləndirilən şəxslər Elnur İsrəfilov, Arif Alışlı, Zülfüqar Eyvazov, Sahib Kərimov, Babək Həsənov və Elşən Həsənova qarşı mülki iddia irəli sürüblər.

Məhkəmə istintaqı yekunlaşıb və dövlət itihamçısı çıxışlara hazırlaşmaq üçün vaxt istəyib.

Məşkəmə iclası avqustun 19-a təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti