...

BQXK Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı tədbir keçirib

Cəmiyyət Materials 26 Avqust 2011 13:07 (UTC +04:00)
BQXK Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı tədbir keçirib
BQXK Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı tədbir keçirib

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələri yerli hakimiyyət orqanlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə birgə Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü qeyd etmək üçün Bakı, Sumqayıt, Masallı, İmişli, Şəmkir və Bərdə şəhərlərində toplaşıblar. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

"Bütün dünyada ailələr, qardaş və bacılar, həyat yoldaşları və övladlar öz itkin düşmüş qohumlarının başına nə gəldiyini öyrənməyə çalışırlar. Öz üzvlərinin həyatda olub-olmadığını bilməyən ailələr və bütöv icmalar onların həyatlarını alt-üst etmiş zorakı hadisələri unuda bilmirlər. Onları inandıra biləcək və ya ağrılarını yüngülləşdirəcək bir söz yoxdur," - BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şerin Pollini belə deyir.

Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından 17 il keçməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4500-dən çox itkin düşmüş şəxs var.

Azərbaycanda 3500-dən çox itkin düşmüş ailəsi yaşayır. İtkin düşmüş şəxslərin şəxsiyyətlərini müəyyən etmək üçün ailələrdən həmin şəxslər haqqında ante-mortem məlumatların toplanılması prosesi demək olar ki, başa çatıb.

Hazırda toplanmış məlumatlar məlumat bazasına daxil edilmək üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil verilir.

Ailələrin spesifik ehtiyaclarına cavab verilməsini təmin etmək üçün BQXK psixososial dəstək proqramı təşəbbüsünü irəli sürüb.

Bu proqram çərçivəsində itkin düşmüş şəxslərin ailələrinin psixoloji və sosial problemləri psixoloqlar və sosial işçilər (BQXK tərəfindən təlim keçmiş) tərəfindən həll olunur.

Onlar bu ailələrin qrup halında toplaşaraq öz dərdlərini bölüşməsinə kömək etməklə və daha kövrək,özünə qapanmış ailələrə evlərində baş çəkməklə yardım göstərirlər.

BQXK itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsinə yardım üçün müvafiq mexanizmin işlənib hazırlanmasında Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar BQXK beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin və onların ailələrinin çəkdikləri əzaba son qoyulması ilə bağlı öz öhdəliklərinə əməl etməyə çağırır.

Cenevrə konvensiyaları və onlara əlavə protokollarla üzərinə qoyulmuş mandata əsasən, BQXK-nın ailələrə onların itkin düşmüş əzizlərinin talelərinə aydınlıq gətirmək üçün etdiyi yardım sırf humanitar xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti