...

Dövlət Komitəsi: Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması azərbaycanlıları narahat edir

Cəmiyyət Materials 29 Avqust 2011 13:13 (UTC +04:00)
Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması azərbaycanlıları narahat edən məsələlərdəndir
Dövlət Komitəsi: Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması azərbaycanlıları narahat edir

Gürcüstan, Batumi, 29 avqust /Trend, müxbir T.Hacıyev/

Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması azərbaycanlıları narahat edən məsələdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontenstində" mövzusundakı konfransda çıxışı zamanı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

"Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin narahatçılığı Gürcüstan tərəfinə çatdırılıb. İnanırıq ki, bu məsələ mənfi nəticələr verməsin deyə, yenidən müzakirə olunacaq və qərar qəbul ediləcək", - İsmayılov əlavə edib.

Onun sözlərinə görə, bu yaxınlarda qanunvericilikdə dəyişikliklər edilməsi ilə digər icmalarla yanaşı, müsəlman icmalarının tanınması ilə bağlı problemlər aradan qaldırılacaq.

Gürcüstan özünün müsəlman icmasının dini idarəsini yaradıb.

Gürcüstan Müsəlmanları İdarəsinin mətbuat katibi Mixael Celadzenin öncə verdiyi məlumata görə, qeyri-hökumət təşkilatı olan qurumun məqsədi bu ölkədəki müsəlman icmalarının fəaliyyətinə nəzarət etməkdir.

Gürcüstandakı məscidlər də bu idarənin tabeliyindədir.

Konfrans avqustun 28-dən öz işinə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti