...

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının vaxtı açıqlanıb

Cəmiyyət Materials 1 Sentyabr 2011 17:29 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün sınaq imtahanı keçirəcək.
Azərbaycanda rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün sınaq imtahanı keçirəcək. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, TQDK baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 10-da baza fənləri üzrə, sentyabrın 11-də ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək.

Sınaq imtahanı Bakı şəhərində keçirilir. Hər bir imtahanın müddəti 3 saatdır.

İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən (saat 16:00-dan) sentyabrın 8-dək (saat 10:00-dək) aparılacaq. Bunun üçün hər birinin qiyməti 3 manat olan iki ədəd ödəmə kartı tələb olunur.

Ödəmə kartlarını Həsən Əliyev küç., 17 ünvanında yerləşən "Abituriyent" satış köşkündən, eləcə də TQDK-nın internet saytından və Azercell abunəçiləri 7735 xidmətindən virtual formada əldə edə bilərlər.

Nağızadə bildirib ki, imtahan binalarına buraxılış şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.

Bu imtahanlar namizədlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək.

Sınaq imtahanlarında iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti