Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Sloveniyanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov bu gün yarımfinal yürüşündə çıxış edib. O, finala vəsiqə verən ilk "3-lüy"ə düşə bilməyib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəni 7 dəqiqə 25,28 saniyəyə qət edərək, 6-cı olub. İlk 3 pilləni tutan yeni zelandiyalı Meyh Drizdeyl (6:51.52), norveçli Olaf Tufte (6:52.29) və isveçli Lassi Karonen (6:54.03) əsas finala yüksəliblər. Aleksandrov isə çinli Lianq Çanq (7:07.55) və ABŞ təmsilçisi Kennet Jurkovski (7:10.79), eləcə də digər yarımfinal yürüşündə 4-6-cı yerləri tutmuş kubalı Angel Furnier Rodriges (7:05.80), litvalı Mindauqas Qriskonis (7:36.34) və bolqarıstanlı Georgi Bojilovla (7:44.51) birgə 7-12-ci yerlərdən birini tutmağa imkan verən B finalında yarışacaq. Avarçəkənimiz medallardan əlini üzsə də, London olimpiadasına vəsiqə şanslarını saxlayır. Bunun üçün 21 yaşlı idmançımızın B finalında 5-ci yeri tutması yetərlidir.
Olimpiadaya lisenziya qazanmağa iddialı daha bir avarçəkənimiz Nataliya Mustafayeva isə sabah yarımfinal yürüşünə qatılacaq. O da əsas finala vəsiqə qazanmaq üçün ilk "3-lüy"ə düşməlidir. Əks halda, Mustafayeva B finalında ilk "3-lüy"ə girməyi bacarmalıdır ki, olimpiadaya lisenziya qazana bilsin.
Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) yarışan Kamal Məmmədov da mükafatlar uğrunda mübarizə şanslarını itirib. Məmmədov bu gün 13-18-ci yerlərdən birini tutmağa imkan verən C finalında çıxış edəcək. Yürüşün startı Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq.
Qeyd edək ki, artıq avarçəkmənin kanoe növündə ölkəmiz tarixində ilk dəfə London olimpiadasına 2 lisenziya qazanıb. Onlardan birinə Valentin Demyanenko, digərinə isə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti yiyələnib.