...

Azərbaycanda elmi layihələrdə fizika-riyaziyyat sahəsi üstünlük təşkil edir - Elmin İnkişafı Fondu

Cəmiyyət Materials 12 Sentyabr 2011 12:31 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ildə1-ci müsabiqəsinə təqdim olunmuş layihələrdən ən çoxu fizika-riyaziyyat sahəsinə aiddir.
Azərbaycanda elmi layihələrdə fizika-riyaziyyat sahəsi üstünlük təşkil edir - Elmin İnkişafı Fondu

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ildə1-ci müsabiqəsinə təqdim olunmuş layihələrdən ən çoxu fizika-riyaziyyat sahəsinə aiddir. Trend-in məlumatına görə, bunu Fond tərəfindən keçirilən "Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat" adlı tədbirdə çıxışı zamanı Fondun icraçı direktoru Elçin Babayev deyib.

Onun sözlərinə görə, elmi qurumlardan ən çox layihəni Bakı Dövlət Universiteti təqdim edib - 19.

"Qalib gəlmiş layihələrdən 63-ü fundamental-tətbiqi sahəyə aiddir", - Babayev bildirib.

Fondun icraçı direktoru həmçinin ötən müsabiqəyə humanitar və ictimai elmlərlə bağlı az layihə daxil olduğunu və nəzərdə tutulmuş 1 milyon manat əvəzinə bu sahədə layihələrə 548 min manat ayrıldığını deyib.

Babayev Fondun fəaliyyətindəki şəffaflıq barədə də məlumat verib.

"Fond tam şəffaf işləyir. Bütün ödənişlər və digər maliyyə işləri köçürmə vasitəsilə həyata keçirilir. Hansısa korrupsiya faktı olarsa, mənə müraciət edin. Korrupsiya faktı aşkar olunarsa, istefaya getməyə hazıram", - Babayev bildirib.

O, rəhbərlik etdiyi Fondda şəffaflığın tam təmin olunduğunu, qurumun fəaliyyəti ilə bağlı bütün məlumatların Elmin İnkişafı Fondunun saytında yerləşdirildiyini deyib.

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu bu il elan etdiyi ilk müsabiqə çərçivəsində 82 layihəyə 6 milyon 600 min manat maliyyə vəsaiti ayırıb.

Xəbər lenti

Xəbər lenti