Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Daşınmaz əmlakın qeydiyyata alınması zamanı ödənilən dövlət rüsumunun 30 faizi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabına köçürüləcək.
Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Layihədə qeyd olunub ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədilə qeydiyyat orqanlarının xüsusi hesabına köçürülür.
Bundan əvvəl yol polisi əməkdaşları və miqrasiya xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qanunvericiliyə belə bir dəyişiklik edilib.