...

Bu il Azərbaycanda yeyinti sahəsi üzrə 168 müəssisənin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 14:31 (UTC +04:00)
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin yanvar-avqust ayları ərzində yeyinti sahəsində işləyən 461 sahibkarı inzibati qaydada cərimələyib.
Bu il Azərbaycanda yeyinti sahəsi üzrə 168 müəssisənin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin yanvar-avqust ayları ərzində yeyinti sahəsində işləyən 461 sahibkarı inzibati qaydada cərimələyib. Bunu çərşənbə axşamı Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.

Ötən müddətdə 168 müəssisənin fəaliyyəti dayandırılıb, 100 nəfər işdən kənarlaşdırılıb.

Abdullayev bildirib ki, bu il 5223 qida nümunəsi bakterioloji fiziki-kimyəvi göstəricilərinə görə müayinə edilib. Onların 51-i normalara cavab verməyib. Ötən müddətdə 3747 qida nümunəsi mikrobioloji göstəricilərinə görə müayinə olunub. Nümunələrin 53-ü normalara cavab verməyib.

Bu il 1087 qida nümunəsi toksikoloji, 63-ü radioloji göstəricilərinə görə müayinə olunub. Qeyd edilən göstəricilərə görə nümunələrdə normadan kənara çıxma halları müşahidə edilməyib.

Şadlıq sarayları və iaşə obyektlərindən götürülmüş 102 qəlyanaltı nümunəsinin 1-də, 11 126 yaxma nümunəsinin 176-da normadan kənara çıxma halı aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti