...

Yas mərasimləri ilə bağlı keçirilən yazı müsabiqəsinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 14:34 (UTC +04:00)
"Bakı xəbər" qəzetinin "İslamda yas mərasimləri və əyintilər" mövzusunda elan etdiyi müsabiqənin nəticələri açıqlanıb.
Yas mərasimləri ilə bağlı keçirilən yazı müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/

"Bakı xəbər" qəzetinin "İslamda yas mərasimləri və əyintilər" mövzusunda elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Trend-in məlumatına görə, çərşənbə axşamı Beynəlxalq Mətbuat Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev tədbirdə çıxışı zamanı qeyd edib ki, müsabiqə fevralın 20-də elan edilib və avqustun 20-də başa çatıb.

"Bu aylar ərzində müsabiqəyə 61 yazı təqdim edilib. Müsabiqədə həm peşəkar, həm də həvəskar jurnalistlər iştirak ediblər. Hətta həbsxanalardan da müsabiqəyə yazı təqdim edənlər olub. Həmin yazılardan 13-ü seçilərək qalib elan olunub", - Quliyev əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə qeyd edib ki, sözügedən mövzu cəmiyyət arasında daim aktualdır. Onun sözlərinə görə, insanlar mərasimlərdə həddindən artıq israfçılığa yol verirlər. Seyidzadə bildirib ki, tək yas mərasimlərində deyil, toy mərasimlərində də israfçılıq hallarına yol verilir.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib ki, qeyd edilən problemin aradan qaldırılması üçün QMİ-nin Qazilər Şurası fətva verməlidir.

"Naxçıvanda belə problemlər aradan qaldırılıb. Bu vaxta qədər bu cür problem burada aradan qaldırılmayıb. Görünür, burada maraqlı olan qüvvələr var", - Səfərli vurğulayıb.

Millət vəkili Aqil Abbas deyib ki, bəzən cəmiyyət arasında belə bir fikir yayılır ki, Milli Məclis yas mərasimləri ilə bağlı qanun qəbul etməlidir. Abbas belə qanunun parlamentdə qəbul edilməsinin mümkün olmadığını söyləyib və əlavə edib ki, bu problemi yalnız insanlar arasında təbliğat işləri aparılması vasitəsi ilə həll etmək olar.

Sonda qaliblərə diplom və pul mükafatı təqdim edilib.

Xəbər lenti

Xəbər lenti