Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki orta məktəblərdə reydlər keçirəcək. Bunu cümə axşamı Trend-ə BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
Onun sözlərinə görə, yoxlamalar zamanı şagirdlərin vahid məktəbli geyiminə keçidi, məktəb sənədləşməsinin hazırkı vəziyyəti, məktəblərin tərtibatı, müəllimlərin dərsə hazırlığı, şagirdlərin dərsə davamiyyəti və digər məsələlər araşdırılacaq.
Əliqızı deyib ki, təhsil müəssisələrindəki ümumi vəziyyəti nəzarətdə saxlamaq məqsədilə belə reydlər ötən tədris illərində də həyata keçirilib. Reyd zamanı aşkarlanan neqativ hallar BŞTİ-nin Təhsil Şurasının iclasında müzakirə olunub. Fəaliyyətində nöqsanlara yol verən müəssisə rəhbərləri cəzalandırılıb.
Sektor müdiri reydlərin keçirilmə tarixlərinin hələ dəqiqləşdirilmədiyini bildirib.
Hazırda BŞT-nin tabeliyində 301 tam orta, 3 ümumi orta, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 316594 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 31843 nəfər müəllim məşğul olur.