Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mətbuat Şurası ona qarşı səslənən ittihamlara cavab verib.
"Mətbuat Şurası yalnız müxalif və müstəqil qəzetlərə qarşı qərarlar qəbul edir" kimi ittihamlar həqiqətəuyğun deyil və cılız təfəkkürün məhsuludur", - bu barədə cümə axşamı Trend-ə Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə bildirib.
"Azərbaycanda çoxlu sayda müxalifət qəzetləri var ki, peşə etikasını pozmadıqlarına görə, adları Mətbuat Şurasının "qara siyahı"sında yoxdur və fəaliyyət göstərirlər. Mətbuat Şurası qərar qəbul edərkən qəzetin siyasi yönümünə önəm vermir və belə bir seçim etmir", - Rəhimzadə əlavə edib.
İdarə Heyətinin üzvü deyib ki, peşə-davranış qaydalarını pozmaqla bağlı bir yox, bir neçə dəfə müraciət olursa, qəzetə dəfələrlə xəbərdarlıq olunursa, bundan sonra Şura qəzetin adının "qara siyahı"ya salınması barədə qərar qəbul edir.
Rəhimzadə bildirib ki, Mətbuat Şurası yarandığı gündən Azərbaycan mətbuatının saflaşması uğrunda mübarizə aparır.
"Mətbuat Şurası ölkə ictimaiyyəti tərəfindən kifayət qədər dəstəyə malikdir və Azərbaycan jurnalistikası tərəfindən dəstəklənir. 2003-cü ildə 200-dən artıq qəzet əməkdaşının və baş redaktorunun iştirakı ilə Şura təsis olunub. Bu Mətbuat Şurasının nüfuzunun göstəricisidir. Düşünürəm ki, Mətbuat Şurası qarşıya qoyulan məqsədləri uğurla həyata keçirir. Sadəcə olaraq jurnalist etikasına sığmayan əməllərin sahibləri, jurnalistikaya yad olan insanlar Mətbuat Şurası haqqında həqiqətəuyğun olmayan fikirlər səsləndirirlər. Mətbuat Şurasının gördüyü işlər cəmiyyətin gözü qarşısındadır", - o vurğulayıb.
Rəhimzadə Şura qarşısında duran başlıca məqsədin Azərbaycan jurnalistikasının saf adının qorunması olduğunu deyib və təəssüflə bildirib ki, bu gün Azərbaycan mətbuatına jurnalistikaya yad olan adamlar da gəlib.
"Kimlərinsə əlində qəzet varsa, bu vasitədən istifadə edib çirkin məqsədlərini həyata keçirməməlidir, kimlərinsə ailə həyatına müdaxilə etməməlidir, şərəf və ləyaqətini alçatmamalıdır, onlara böhtan atmamalıdır. Bu, jurnalistika deyil və normal prinsiplərlə fəaliyyət göstərən bir iş deyil. Ona görə də Mətbuat Şurası belə insanlara qarşı mübarizə aparır və "qara siyahı"ya düşən qəzetlərin adları tam əsaslarla ora salınıb", - o qeyd edib.
Sonuncu dəfə bir neçə qəzetin Şuranın "qara siyahı"sına daxil olunması ilə bağlı qərara toxunan Rəhimzadə deyib ki, Mətbuat Şurasının həm şikayətlər komissiyasında, həm də "reket jurnalistika"ya qarşı mübarizə komissiyasında təxminən 6 müraciət araşdırılıb və tam obyektiv qərarlar qəbul olunub.
"Qara siyahıya" düşən qəzetlərin bu siyahıya salınması üçün tam əsaslar var", - o vurğulayıb.
Hazırda 87 qəzetin adı Mətbuat Şurasının "qara siyahı"sına salınıb.