...

Turizm Nazirliyi: Azərbaycanda yeni hotellərin açılışı qiymətlərin enməsinə səbəb olacaq

Cəmiyyət Materials 26 Sentyabr 2011 16:16 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda hotellərin qiymətlərinin yüksək olmasının obyektiv səbəblərini açıqlayıb.
Turizm Nazirliyi: Azərbaycanda yeni hotellərin açılışı qiymətlərin enməsinə səbəb olacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda hotellərin qiymətlərinin yüksək olmasının obyektiv səbəblərini açıqlayıb. Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov bazar ertəsi Trend-ə bildirib ki, bunun əsas səbəbi hotel sahəsində güclü rəqabətin olmamasıdır.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində Azərbaycanda yerləşdirmə xidmətlərinin sayı, onların göstərdiyi xidmətlərin səviyyəsi çox aşağı idi və dünya standartlarına cavab vermirdi. Bu isə həmin dövrlərdə istifadəyə verilmiş "Hyatt Regency" və "Avropa" kimi hotellərdə qiymətlərin baha olmasına imkan verib.

Nazirlik rəsmisinin fikrincə, bazar iqtisadiyyatı şəraitində rəqabət olmadıqda qiymətlər həmişə artır. Buna görə də qiymətlərin aşağı düşməsi üçün rəqabət gücləndirilməlidir. Rəqabət artıqdan sonra bazar özü qiymətləri tənzimləyəcək.

Qurbanov deyib ki, dövlət tərəfindən görülmüş işlər nəticəsində turizm sahəsinə yönəldilən investisiyaların həcmi artıb. Bunun nəticəsi olaraq, Azərbaycandakı hotellərin sayı müstəqilliyin ilk illəri ilə müqayisədə xeyli artıb. Müstəqilliyin ilk illərində hotel və yerləşdirmə obyektlərinin sayı 100-ə çatmadığı halda, hazırda onların sayı 499-a çatıb. Bütün bunlar isə hotel sahəsində rəqabəti gücləndirib.

Qurbanovun sözlərinə görə, hazırda yalnız Bakıda 6 "beşulduzlu" hotel tikilib istifadəyə verilmək üzrədir. Bu hotellər istifadəyə verildikdən sonra "beşulduzlu" otellər arasında rəqabət güclənəcək. Bu isə qiymətlərin enməsinə səbəb olacaq.

"Əvvəl "Hyatt Regency" tək idi, gələn qonaqların da hamısı orada qalmağa məcbur olurdu. Amma artıq Bakıda dünya hotel şəbəkəsinə aid olan ən böyük hotellər açılır. Bu yaxınlarda "Kempinski" açılıb, ilin sonunda postsovet məkanında ilk dəfə Azərbaycanda "Four Seasons" açılacaq. Daha sonra "Mariotte", keçmiş "Moskva" mehmanxanasının yerində "Üç məşəl" hoteli açılacaq. Bunlar hamısı açıldıqdan sonra ölkəyə gələnlər artıq hotellər arasında seçim edə biləcəklər. Bu hotellər arasında rəqabət başlayandan sonra onlar müştəriləri cəlb etmək üçün həm xidmətin səviyyəsini yüksəltməli, həm də qiyməti nisbətən aşağı salmalıdırlar. Belə rəqabət yaratmaqla biz gələcəkdə hotellərdə və ümumiyyətlə, xidmət sahələrində qiymətləri aşağı sala biləcəyik", - Aparat rəhbəri deyib.

O əlavə edib ki, hazırda Azərbaycanın "beşulduzlu" hotellərindəki qiymətlər dünya hotellərindəki qiymətlərdən çox az fərqlənir.

Nazirlik səlahiyyətlisi restoranlar şəbəkəsində də rəqabətin gücləndirilməsinin vacib olmasını nəzərə çatdırıb. Onun sözlərinə görə, əvvəllər Azərbaycanda dünya standartlarına cavab verən restoranlar çox az olsa da, artıq italyan, Braziliya, Çin, yapon və bir çox dünya mətbəxinə aid restoranlar fəaliyyət göstərir.

Qurbanov hesab edir ki, bu sahədə də rəqabət gücləndikcə qiymətlər aşağı düşəcək.

"Artıq dünya standartlarına cavab verən restoranlar müştərilərinə günorta xüsusi qiymətlərlə yeməklər təklif edirlər. Bu da restoranlara daha çox müştərilərin cəlbinə imkan verir", - Qurbanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti