...

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2011 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

İstanbulun Kadıköy Xalq Təhsil Mərkəzində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycandan və Türkiyənin müxtəlif guşələrindən 500-dək adam iştirak edib. Mərasimi giriş sözü ilə açan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səftər Qaraqoyunlu dünyanın müxtəlif ölkələrində yaşayan eyni millətin övladlarının bir arada toplaşmasından qürur duyduğunu bildirib.

"Bu dərnəyin yaradılmasında məqsəd Türkiyə və Azərbaycan türkləri arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrinin inkişaf etdirilməsidir. Bu fəaliyyətimizlə gələcəyimizə töhfə verə bilsək, şad olarıq. Bu mənada ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" söylədiyi kimi biz əzəldən bəri iki qardaş millətik və qardaşlığımızın, dostluğumuzun daha da güclənməsi üçün daha çox çalışmalıyıq", - o əlavə edib.

Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini xatırladan Qaraqoyunlu əlavə edib ki, Azərbaycan və Türkiyənin dostluq və həmrəyliyi sonsuzadək davam etməlidir.

"Biz Azərbaycanın haqlı mübarizəsini dünya ictimaiyyətinə var gücümüzlə anlatmalıyıq. Biz İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq, Azərbaycan və Türkiyənin dünyada səsi olacağıq. Azərbaycan və Türkiyə türkləri arasında möhkəm körpu funksiyasını yerinə yetirəcəyik. Birliyimiz, diriliyimiz və həmrəyliyimiz üçün əlimizdən gələni əsirgəməyəcəyik", - o vurğulayıb.

Açılış mərasimində iştirak etmək üçün Ankaradan gəlmiş İsa Yaşar Tezel və Ənvər Türkoğlu yeni yaradılmış dərnəyə uğurlar arzulayaraq, Qərb ölkələrinin Qarabağ məsələsinə ikili standartlarla yanaşdıqlarını qeyd ediblər.

Cəfəri türklərinin dini lideri Səlahəddin Özgündüz çıxışında Azərbaycan üçün ölməyə hazır olduğunu qeyd edərək Azərbaycanı sonsuz dəstəklədiklərini bildirib.

İstanbuldan millət vəkili seçilmiş CHP nümayəndəsi Ali Özgündüz təmsil etdiyi partiyanın Azərbaycanı daima dəstəklədiyini qeyd edərək, "Qarabağ məsələsində daha güclü lobbi fəaliyyətinə ehtiyac vardır" deyə qeyd edib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Tahir Hacıyev tədbir iştirakçılarına Azərbaycandan salam gətirdiyini söyləyib. Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini qeyd edən Hacıyev Diasporla İş üzrə dövlət Komitəsinin hər zaman fəaliyyət göstərən dərnəklərin yanında olduğunu bildirib.

"Dostluğumuzun, qardaşlığımızın möhkəmlənməsinə xidmət edən bu cür dərnəklərin fəaliyyət göstərməsinə hər zaman ehtiyac var. Çünki bu dərnəklərin vasitəsilə Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsini, işğalçı Ermənistanın iç üzünü dünyaya göstərə bilərik", - Hacıyev vurğulayıb.

İğdırdan millət vəkili seçilmiş MHP nümayəndəsi Sinan Oğan Xocalıda törədilmiş soyqırımdan bəhs edib.

"İşğal olunan Azərbaycan torpaqları barədə heç kəs danışmır. Ağrı dağını istəyən erməni ilə hansı qardaşlıqdan söhbət gedə bilər?" - Oğan bəyan edib.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir şeir, musiqi və xalq oyunlarından ibarət bədii hissə ilə davam edib.

Xəbər lenti

Xəbər lenti