...

Allahşükür Paşazadə İranda zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb

Cəmiyyət Materials 3 Oktyabr 2011 15:18 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri İranın daxili işlər naziri ilə görüşündə Azərbaycandan avtobusla həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb.
Allahşükür Paşazadə İranda zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri İranın daxili işlər naziri ilə görüşündə Azərbaycandan avtobusla həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bazar ertəsi Trend-ə bildirib ki, İdarənin sədri şeyxülislam hacı Allahşükür Paşazadə İrana səfəri zamanı bu ölkənin daxili işlər naziri Məhəmməd Nəccarla görüşüb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərlə yanaşı, bu il həccə gedəcək zəvvarların təhlükəsizliyi, sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı danışıqlar aparılıb.

Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər.

Azərbaycandan bu il 2 min zəvvarın həccə getməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcək. Zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.

QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

Xəbər lenti

Xəbər lenti