Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
2011-ci ilin sentyabr ayından etibarən ölkəmizin yeganə 5+ ulduzlu "Excelsior Hotel Baku" hotelinin baş meneceri vəzifəsinə Rusiya vətəndaşı Nataliya Aleksandrovna Solovyova təyin olunub.
Natalya Solovyova 12 iyul 1978-ci ildə anadan olub. 1997-ci ildə turizm və hotel menecmenti üzrə ali məktəbi bitirdikdən sonra yenidən turizm və hotelçilik üzrə Moskva Dövlət Akademiyasında təhsilini davam etdirib. Solovyova 1997-1999-cu illər ərzində "National Hotel Moscow" və 1999-cu ildən 2011-ci ilin sentyabr ayına qədər "Marriott Royal Aurora Hotel Moscow" hotellərində müxtəlif vəzifələrdə çalışıb. Mehmanxana idarəçiliyi sahəsində xeyli təcrübəyə malik olan xanım Solovyova dünyanın müxtəlif ölkələrində keçirilən "Dinamik komandalar", "Əla təqdimat bacarığı", "Liderliyin əsasları" və s. kimi treninqlərdə iştirak edərək 9-dan çox sertifikat alıb.
Natalya Solovyova rus, ingilis, ispan və alman dillərində səlist danışır.
"Excelsior Hotel Baku" AtaHoldinq Şirkətlər Qrupuna daxildir və 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.