...

Macar jurnalistlərdən ibarət qrup Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 10 Oktyabr 2011 17:00 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumunu işıqlandırmaq məqsədilə macar jurnalistlərdən ibarət qrup oktyabrın 10-dan 16-dək Azərbaycanda səfərdədir.
Macar jurnalistlərdən ibarət qrup Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizdə dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyini, habelə Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu işıqlandırmaq məqsədilə macar jurnalistlərdən ibarət qrup oktyabrın 10-dan 16-dək Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi səfirlikdən bildirilib.

Beş nəfərlik qrupa ölkənin "Nepsabadşaq", "Hepsava", "Macar Hemzet", "Macar Hirlap" qəzetlərinin və Macarıstan Xəbərlər Agentliyinin (MTİ) təmsilçiləri daxildir. Macar jurnalistlər Azərbaycan Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, İqtisadi İnkişaf Nazirliyində, Dövlət Neft Şirkətində və Dövlət Neft Fondunda görüşlər keçirəcəklər.

Macar jurnalistlərin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla, Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ailə üzvləri və Cəbrayıl rayonundan olan köçkünlərlə, habelə siyasi partiyaların təmsilçiləri ilə görüşləri planlaşdırır. Macar jurnalistlər Azərbaycanın İsmayıllı, Qəbələ və Şəki rayonlarına səfər edəcək, müstəqillik illərində sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində əldə edilmiş uğurlarla tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti