...

Bəxtiyar Sadıqov: Azərbaycan iqtidarı ölkədə söz və mətbuat azadlığının təmin olunmasında maraqlıdır

Cəmiyyət Materials 10 Oktyabr 2011 18:22 (UTC +04:00)
Azərbaycan iqtidarı ölkədə söz və mətbuat azadlığının təmin olunmasında maraqlıdır.
Bəxtiyar Sadıqov: Azərbaycan iqtidarı ölkədə söz və mətbuat azadlığının təmin olunmasında maraqlıdır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan iqtidarı ölkədə söz və mətbuat azadlığının təmin olunmasında maraqlıdır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov bildirib.

Sadıqov deyib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edərkən MŞ İdarə Heyətinin üzvləri ilə də görüş keçirmişdi.

Onun sözlərinə görə, Azərbaycanda "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsinin hazırlanması istiqamətində işlər çoxdan başlayıb.

"Bu işlərdən birincisi qanun layihəsinin özünün hazırlanması idi. Qanun layihəsini hazırlayan zaman müəyyən məqamları nəzərə almaq vacib idi. "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbuluna ən mühüm əngəl törədən səbəb "reket jurnalistika"nın mövcudluğudur. İnsanlar ehtiyat edirlər ki, "Diffamasiyadan müdafiə haqqında" qanun qəbul olunsa, onların qəzetlərdə təhqirinə şərait yaranacaq", - o deyib və əlavə edib ki, insanları bu məsələ narahat etməməlidir.

Sadıqovun sözlərinə görə, "Diffamasiyadan müdafiə haqqında" qanun jurnalistləri məsuliyyətdən azad etmir, əksinə, məsuliyyəti daha da artırır.

"Qanun qəbul ediləcəyi təqdirdə, sadəcə olaraq jurnalist cinayət məsuliyyəti daşımayacaq. Onun əvəzində jurnalist şər və böhtan xarakterli yazılar yazdığına görə cərimələnəcək", - o vurğulayıb.

Millət vəkili hesab edir ki, "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasının iş planına salınmasa da, qanun layihəsinin parlamentdə müzakirəsi mümkündür. Onun sözlərinə görə, bir çox hallarda iş planına salınmayan məsələlər sonradan müzakirəyə çıxarılır.

"Mən hesab edirəm ki, bu məsələyə payız sessiyasında baxıla bilər. Qanun tam qəbul olunmasa da müəyyən oxunuşdan keçər. Əgər, Milli Məclisin sədri Oqtay Əsədovun dediyi kimi, qanunun ictimai müzakirəyə çıxarılmasına ehtiyac duyularsa, o zaman qanun ictimai müzakirəyə çıxarılar", - o bildirib.

Xəbər lenti

Xəbər lenti