...

Təhsil Nazirliyinin bir neçə vəzifəli və məsul şəxsi korrupsiya faktına görə vəzifələrindən azad olunublar

Cəmiyyət Materials 14 Oktyabr 2011 17:33 (UTC +04:00)
Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub.
Təhsil Nazirliyinin bir neçə vəzifəli və məsul şəxsi korrupsiya faktına görə vəzifələrindən azad olunublar

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, nöqsanlarla bağlı Baş Prokurorluğun "Orta ümumi təhsil məktəblərinin tikintisi və əsaslı təmiri zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması barədə" təqdimatı Təhsil Nazirliyinə daxil olub.

Təqdimat Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və təmir işlərində aşkar olunmuş bütün çatışmazlıqların ötən müddət ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən aradan qaldırıldığı barədə məlumat verilib.

Azərbaycan Baş Prokurorluğunun təqdimatına əsasən, məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunublar. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

Ümumi təhsil məktəblərinin tikintisi və təmiri üzrə tenderlərin qanunauyğun şəkildə təşkili və keçirilməsi, təmir-tikinti işlərinin aparılması üzərində nəzarəti, işlərin istismara qanunauyğun qəbul edilməsini nəzərdə tutan normativ aktların təkmilləşdirilməsi, aparılan işlərin kifayət qədər peşəkar və ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməsinə təminat verən mexanizmin işlənib hazırlanması, təmir-tikinti işlərinin qanunauyğun şəkildə istismara qəbul edilməsi, bu prosesə məktəb valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının nümayəndələrinin cəlb olunması yolu ilə şəffaflığın artırılması istiqamətində zəruri tədbirlərin görülməsi ilə əlaqədar nazirliyin aidiyyəti strukturlarına, yerli təhsil idarəetmə orqanlarına və təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib.

2004-2011-ci illərdə tikinti və təmir işləri üçün Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinə dövlət büdcəsindən 543665,1 min manat vəsait ayrılıb. Həmin vəsait hesabına 121864 şagird yerlik 353 yeni məktəb, 1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası, 184 məktəb üçün 49880 şagird yerlik əlavə korpuslar inşa edilib, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enib.

Xəbər lenti

Xəbər lenti